Bakı. Trend:
İran, Azərbaycan və Rusiya arasında yükdaşıma, tranzit və enerji sahələrində üçtərəfli əməkdaşlıq Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində iqtisadi həmrəyliyin formalaşması və regional infrastrukturların güclənməsinə şərait yarada bilər.
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq bu gün Bakıda keçirilən Azərbaycan, İran və Rusiya üçtərəfli iclasında deyib.
Onun sözlərinə görə, bu iclas nəqliyyat, yükdaşıma və enerji sahələrində əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyət kəsb edir.
İranlı nazir iclasa ev sahibliyi üçün göstərdiyi səylərə görə Azərbaycana təşəkkürünü bildirib.
“İnanıram ki, bu iclasın müsbət nəticələri üç ölkənin nəqliyyat, yükdaşıma və enerji sahələrində əlaqələrinin güclənməsi, tranzit infrastrukturlarının inkişafı üçün yol xəritəsinə çevriləcək”, - deyə o qeyd edib.
Sadeq bildirib ki, üç ölkənin əməkdaşlığı çərçivəsində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi əhəmiyyət kəsb edir. Bu dəhlizdə infrastrukturun inkişaf etdirilməsi həmişə birgə iş gündəminin bir hissəsi ola bilər. Üçtərəfli Bakı iclasının ilk bəyanatında götürülən hədəfə əsasən, 2030-cu ilədək ildə 15 milyon ton yükün daşınması üçün şərait yaradılacaq.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, İran və Rusiya nümayəndələrinin iştirakı ilə üçtərəfli iclas keçirilir. İclasda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, enerji, gömrük və sairə iqtisadi və ticarət məsələləri müzakirə olunur.