...

Azərbaycan iqtisadi dayanıqlığını və investorlar üçün cəlbediciliyini qoruyub saxlayır - "Fitch" (ÖZƏL)

İqtisadiyyat Materials 13 Oktyabr 2025 11:32 (UTC +04:00)
Azərbaycan iqtisadi dayanıqlığını və investorlar üçün cəlbediciliyini qoruyub saxlayır - "Fitch" (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi “Fitch” Azərbaycanın real ÜDM-i 2026-cı ildə 2,5 faiz artacağını proqnozlaşdırır. Bu artım, əsasən qeyri-neft sektorlarının inkişafı və dövlətin genişmiqyaslı investisiya proqramları hesabına baş verəcək.

Bu barədə Trend-ə müsahibəsində “Fitch Ratings” agentliyinin “Sovereigns and Supranationals” bölməsinin direktoru Arvind Ramakrişnan məlumat verib.

Onun sözlərinə görə, hazırda manatın sabitliyi, büdcə dayanıqlığı və xarici investisiyaların artım perspektivləri qorunur. Bu isə yeni neft-qaz layihələri və tranzit ticarətinin genişlənməsi ilə dəstəklənir.

“Fitch”in Azərbaycanın 2026-cı il iqtisadi artımı üzrə proqnozu və əsas inkişaf istiqamətləri

A.Ramakrişnan bildirib ki, “Fitch” 2026-cı il üçün real ÜDM artımını 2,5 faiz səviyyəsində proqnozlaşdırır. Bu göstərici Azərbaycanın orta müddətli artım potensialına yaxındır. Artım, əsasən qeyri-neft sektoru və dövlət investisiyaları hesabına təmin olunacaq. Neft hasilatında azalma davam etsə də, təbii qazın istehsalı artıma müəyyən qədər dəstək verəcək.

“İnformasiya-kommunikasiya texnologiyaları və nəqliyyat sahəsində yaxşı artım perspektivləri mövcuddur. Xüsusilə sonuncu üçün dövlətin iri investisiyaları və Orta Dəhliz çərçivəsində tranzit əməliyyatları böyük əhəmiyyət daşıyır.

Son illərdə qeyri-neft sektorundakı artım Qarabağda aparılan bərpa işləri hesabına da ciddi təkan alıb. Lakin kapital xərclərinin pik həddə çatması ilə bu faktorun artıma təsiri tədricən azalacaq”,- deyə A.Ramakrişnan vurğulayıb.

Azərbaycanın fiskal dayanıqlığı və “Fitch”in 2026–2027-ci illər üzrə büdcə balansı proqnozu

Onun sözlərinə görə, “Fitch 2026”-cı ildə konsolidə edilmiş büdcənin ÜDM-in 0,3 faizi həcmində profisitlə (2024-cü ildə: 3,6%) yekunlaşacağını, 2027-ci ildə isə kiçik bir kəsirə keçəcəyini gözləyir.

“Azərbaycan “BBB” səviyyəsində investisiya reytinqini sabit proqnozla qoruyur. Bu, ölkənin davamlı xarici balansı və aşağı dövlət borcu ilə əsaslandırılır. Bundan əlavə, dövlət maliyyəsinin dayanıqlığı yüksək maliyyələşmə çevikliyi və ödəmə qabiliyyəti ilə təmin olunur. Bunun əsas mənbəyi Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ) və dövlət depozitlərindəki əhəmiyyətli aktivlərdir”, - deyə A.Ramakrişnan qeyd edib.

“Fitch”in manatın sabit məzənnəsi və ABŞ dollarına bağlılığının qorunması ilə bağlı proqnozu

“Fitch”in proqnozlarına görə, manatın ABŞ dollarına faktiki bağlılığı yaxın illərdə 1,70 səviyyəsində qalacaq. Agentlik hesab edir ki, Azərbaycan rəsmiləri bu valyuta rejiminə sadiqdir və dövlətin valyuta ehtiyatları onu qorumaq üçün kifayətdir.

“Fitch”in Azərbaycanın neft-qaz gəlirləri və hasilat dinamikası üzrə 2027-ci ilə qədər proqnozu

“Neft-qaz gəlirləri birbaşa dünya bazarındakı qiymətlərdən asılıdır və buna görə də dəyişkən ola bilər. “Fitch”in neft qiymətləri üzrə proqnozu 2025-ci il üçün 70 dollar, 2026–2027-ci illər üçün isə 65 dollar səviyyəsindədir.

2025–2027-ci illərdə neft gəlirlərinin sabitləşəcəyi, lakin hasilatın 2024-cü illə müqayisədə təxminən 9 faiz azalacağı gözlənilir. Qaz hasilatı isə, əksinə, 2027-ci ilin sonuna qədər 2024-cü illə müqayisədə təxminən 5 faiz artacaq”,- deyə A.Ramakrişnan bildirib.

“Fitch”in Azərbaycanın investisiya mühiti və “Qarabağ” yatağının xarici investisiyalara təsiri ilə bağlı qiymətləndirməsi

Direktor onu da qeyd edib ki, Azərbaycanın investisiya mühiti müəyyən qədər dövlətin iqtisadiyyatda böyük paya malik olması, maliyyə vasitəçiliyinin zəif inkişafı və enerji sektoru xaricindəki xarici investisiyaların azlığı ilə məhdudlaşır.

“Fitch”in qiymətləndirməsinə görə, investisiya mühitində fundamental dəyişikliklər üçün müəyyən vaxt tələb olunur. Bununla belə, “Qarabağ” neft yatağında hasilatın 2029-cu ildə başlanması və Azərbaycanın tranzit ticarətində artan rolu yaxın illərdə xarici investisiyaların artmasına töhfə verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti