Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1996-cı ildən etibarən oktyabrın 12-si bir çox ölkələrdə Ümumdünya Artritlə Mübarizə Günü kimi qeyd edilir. Bu təqvim gününün qeyd olunmasında əsas məqsəd revmatoloji xəstəliklər və artritin formaları haqqında ictimaiyyəti məlumatlandırmaq, xəstəliyin erkən diaqnostikası, profilaktikası, tibbi və sosial bərpası məsələlərinə diqqəti cəlb etmək, həkim, xəstə və ictimaiyyətin səylərinin birləşdirilməsidir.
Artritin yaranma səbəbləri, növləri və əlamətləri, onun müalicəsi və digər suallara Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Gülnar Bağışova Nazirliyin rəsmi saytına müsahibə verərkən aydınlıq gətirib.
Trend həmin müsahibəni təqdim edir:
- Gülnar xanım, ilk öncə bilmək istərdik ki, artrit nədir?
- Artrit — oynaq toxumalarının iltihabi proseslərlə zədələnməsi
nəticəsində yaranan xroniki xəstəliklər qrupudur. Bəzən bu xəstəlik
bir neçə oynağa eyni anda təsir göstərə bilər. Əslində “artrit”
termini 100-dən çox fərqli oynaq xəstəliyini özündə birləşdirir.
Bunlara osteoartrit, revmatik artrit, podaqra və digər formalar
daxildir.
Artrit zamanı oynaq qığırdağı, kapsul, sinovial maye və ətraf
toxumalar zədələnir. Bu, ağrı, şişkinlik, hərəkət məhdudluğu və
bəzən oynaqların deformasiyasına gətirib çıxarır. Xəstəlik tədricən
inkişaf və illərlə davam edə bilər. Bəzi hallarda isə kəskin
formada başlayır və sürətlə irəliləyir. Artrit hər yaşda müşahidə
oluna bilər, lakin daha çox 40 yaşdan yuxarı insanlarda rast
gəlinir.
- Artritin yaranma səbəbləri nələrdir?
- Artritin yaranma mexanizmi çoxkomponentlidir və növündən asılı
olaraq dəyişir. Əsas səbəblərdən biri immun sistemin pozulmasıdır.
Revmatik artrit kimi autoimmun formalarda orqanizmin müdafiə
sistemi səhvən öz oynaq toxumalarına hücum edir. Bu, davamlı
iltihaba, toxuma zədələnməsinə və nəticədə oynaqda deformasiyaya
gətirib çıxarır.
Digər mühüm səbəb isə mexaniki aşınmadır. Uzunmüddətli fiziki
yüklənmə, artıq çəki və yaşlanma qığırdağın qoruyucu səthini
incəldir, nəticədə oynaqlar arasında sürtünmə artır və ağrı
yaranır. İnfeksion artrit isə bakteriya və ya virusların oynaq
boşluğuna keçməsi nəticəsində formalaşır. Bu halda oynaq içində
irinli maye toplanır.
Metabolik pozğunluqlar da mühüm rol oynayır, məsələn, podaqrada
sidik turşusunun kristalları oynaqlarda çökməklə iltihab yaradır.
Genetik meyllilik, hormonal dəyişikliklər, travmalar və soyuqlama
da artritin inkişafında risk faktorları sayılır.
- Doktor, artritin əlamətləri hansılardır?
- Artritin klinik mənzərəsi onun növündən və mərhələsindən
asılıdır, lakin bəzi ümumi simptomlar əksər hallarda müşahidə
olunur. Ən çox rast gəlinən əlamət oynaq ağrısıdır. Ağrı, xüsusilə,
hərəkət zamanı artır və istirahət zamanı bir qədər azalır. Səhər
saatlarında və ya uzun müddət hərəkətsizlikdən sonra oynaqlarda
sərtlik hiss olunur. Bu sərtlik bir neçə dəqiqədən bir neçə saata
qədər davam edə bilər.
Oynaqlarda şişkinlik və istilik artımı da iltihabın göstəricisidir.
Ətraf dərisinin qızarması, toxunduqda ağrı və hərəkət məhdudluğu
xəstəliyin tipik əlamətlərindəndir. Xroniki gedişli artritlərdə
oynaqların forması dəyişə bilər. Bu, xüsusilə barmaqlarda və diz
oynaqlarında nəzərə çarpır. Bəzi xəstələrdə ümumi halsızlıq,
yuxusuzluq, hərarət və iştahsızlıq da müşahidə olunur.
- Artritin növləri hansılardır?
- Artritin 100-dən çox forması mövcuddur, lakin klinik
praktikada daha çox 5 əsas növ müşahidə olunur.
Osteoartrit (artroz) — ən çox rast gəlinən formadır. Qığırdaq
toxuması mexaniki aşınma nəticəsində nazilir və sümüklər bir-birinə
sürtünməyə başlayır. Bu, xüsusilə diz, omba və bel oynaqlarında
müşahidə olunur. Revmatik artrit — autoimmun mənşəli xroniki
xəstəlikdir. İmmun sistemi oynaq toxumasına qarşı anticisimlər
yaradır. Əllərin, biləklərin və barmaqların kiçik oynaqları daha
çox zədələnir.
Podaqra artriti — sidik turşusunun kristallarının oynaqlarda
çökməsi nəticəsində yaranır. Ən çox ayaq baş barmağında ağrılı
iltihabla özünü göstərir. Psoriaz artriti — dəri psoriazı olan
şəxslərdə müşahidə olunur. Həm dəri, həm də oynaq eyni vaxtda
iltihablanır.İnfeksion (septik) artrit — bakteriya və ya virusların
oynaq boşluğuna keçməsi nəticəsində yaranan irinli prosesdir. Uşaq
artriti (juvenil artrit) isə 16 yaşdan kiçik uşaqlarda müşahidə
olunur və immun sistemi pozğunluqları ilə əlaqəlidir.
- Artrit necə müalicə olunur?
- Artritin müalicəsi kompleks yanaşma tələb edir və məqsəd
ağrını azaltmaq, iltihabı dayandırmaq və oynaq funksiyasını bərpa
etməkdir. Əvvəlcə xəstəliyin tipi müəyyən edilir, sonra fərdi
müalicə planı hazırlanır.
Ən çox istifadə olunan üsullara qeyri-steroid iltihabəleyhinə
preparatlar və kortikosteroidlər aiddir. Həmçinin, fizioterapiya və
müalicəvi idman oynaqların elastikliyini və hərəkət diapazonunu
artırır. Ağır hallarda cərrahi müdaxilə, yəni endoprotezləşdirmə və
ya oynaq dəyişdirilməsi aparıla bilər.
Bundan əlavə, xəstənin həyat tərzi mühüm rol oynayır. Balanslı
qidalanma, duzun azaldılması, siqaret və alkoqoldan uzaq durmaq,
stresi azaltmaq və ideal bədən çəkisini qorumaq müalicəni
gücləndirir.
- Artritin qarşısını almaq mümkündürmü?
- Artritin bütün formalarının qarşısını tam şəkildə almaq mümkün
olmasa da, riskləri azaltmaq və prosesin irəliləməsini ləngitmək
olar. Bunun üçün düzgün həyat tərzi və profilaktik tədbirlər
vacibdir, çünki artıq çəki oynaqlara əlavə yük yaradır. Bundan
əlavə, aktiv həyat tərzi (müntəzəm yüngül məşqlər, üzgüçülük və
gəzinti) oynaqları gücləndirir. Həmçinin, Omeqa-3 yağ turşuları, D
vitamini, kalsium və antioksidantlarla zəngin qidalar qəbul etmək
lazımdır.
İnfeksiyaların vaxtında müalicəsi bakterial artrit riskini azaldır.
Eyni zamanda, periodik tibbi müayinələr erkən mərhələdə aşkarlanma
müalicəni asanlaşdırır.
Ən əsası, ağrı və sərtlik uzun müddət davam edərsə, özbaşına dərman
qəbul etmədən mütləq həkimə müraciət olunmalıdır. Erkən diaqnoz və
düzgün müalicə sayəsində xəstəliyin fəsadlarının qarşısını almaq
mümkündür.