Bakı. Trend:
Azərbaycan ərazisindən hər il dəmir yolu ilə daşınmalı olan yüklərin həcmi azı 15 milyon ton təşkil edəcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.
Baş nazirin müavini xatırladıb ki, 2023-cü ilin may ayında İran Hökuməti ilə Rusiya Hökuməti arasında İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı Saziş imzalanıb.
Bundan əlavə 2024-cü ilin dekabrında Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə tranzit yükdaşımaların inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş bağlanılıb.
“Sazişə əsasən, müvafiq dəmir yolu infrastrukturunun modernləşdirilməsindən sonra Azərbaycan ərazisindən hər il daşınmalı olan yüklərin təmin edilmiş həcmi 2028-ci il yanvarın 1-dən etibarən ildə azı 5 milyon ton müəyyən edilib. Bu həcm tərəflərin müvafiq qərarı qəbul edildikdən sonra isə azı 15 milyon ton təşkil edəcək”, - deyə Ş.Mustafayev qeyd edib.