Bakı. Trend:
Xəbər verdiyimiz kimi, ilk dəfə ölkədəki bütün alimlərə limitsiz sayda ödənişsiz məqalə dərc etmək imkanı təqdim edildi. Müasir dövrdə elmin qlobal səviyyədə inkişafı və yayılması üçün beynəlxalq elmi nəşrlərin əhəmiyyəti danılmazdır. Alimlərin tədqiqat nəticələrinin xarici jurnallarda pulsuz dərc olunması, yalnız fərdi uğur deyil, həm də ölkənin elmi potensialının tanıdılması baxımından mühüm addımdır.
Maraqlıdır, alimlərin məqalələrinin ilk dəfə xaricdə pulsuz nəşr edilməsi elmin inkişafına hansı töhvələri verəcək?
Mövzu ilə bağlı Trend-ə danışan təhsil ekspert Elmin Nuri bildirib ki, bir neçə gün bundan öncə Elm və Təhsil Nazirliyi ilə dünyanın ən güclü ali təhsil müəssisələrindən biri olan Kembric Universitetinin “Cambridge Press” nəşriyyatı arasında Azərbaycan elmi adına çox əlamətdar bir əməkdaşlığın əsası qoyuldu.
O qeyd edib ki, razılaşmaya əsasən yerli alimlərimiz növbəti 3 il ərzində “Cambridge Press” tərəfindən nəşr edilən 422 yüksək impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli jurnallarda limitsiz sayda məqalə dərc edə biləcəklər:
“Bu razılaşma həqiqətən də elm və ali təhsil seqmentində çox ciddi üstünlüklər yaratmaq gücündədir. Çünki elmimizdə ən ciddi problemlərdən biri də yerli alimlər tərəfindən yazılan məqalələrin yüksək indeksli beynəlxalq jurnallarda dərci məsələsidir. Bəziləri buna çox böyük çətinliklə nail olur, digər qismi isə az qala, illərini həsr etsə də ümumiyyətlə heç bir nəticə əldə edə bilmirdi. Çünki yüksək impakt faktorlu jurnallarda çap olunmağın bir neçə mürəkkəb şərti olsa da, onlar arasında ilk sırada duran əngəl ciddi maliyyə tələbi idi.
“Web of Science” və “Scopus”da indekslənən bu jurnallarda açıq əlyetərli məqalə dərcinin qiyməti minlərlə manat dəyərində ölçülür. Bilirik ki, hər hansı yerli alimimiz üçün bu məbləği ödəmək həddindən artıq çətindir. Çünki bir alim bu kateqoriyaya aid jurnallarda məqalə dərc etdirmək üçün az qala özünün bir aylıq gəlirindən də çox məbləği bu işə həsr etməli idi. Bu isə mümkünsüz məsələ olduğundan nəticədə alimlərin də elmi göstəricilərinə, faydalı iş əmsallarına ciddi təsir edirdi. Hətta bu nəticəsizlik nəinki alimlərimizin, eləcə də onların çalışdığı elmi tədqiqat institutu və ya ali təhsil müəssisələrinin reytinq göstəricilərinə, imicinə ciddi təsir göstərirdi”.
Ekspertin sözlərinə görə, sözügedən razılıq əsasında azərbaycanlı alimlər bu ödənişi etmədən öz məqalələrini Kembric Universiteti Nəşriyyatının jurnallarında dərc etdirə bilərlər.
“Razılaşma, eyni zamanda ölkənin 140 elmi və ali təhsil müəssisəsinə “Cambridge Press” nəşriyyatının jurnallarını müddətsiz oxumaq imkanını təqdim edir.
Bu yenilik həm yerli alimlərimizin beynəlxalq elmi aləmdəki mövqelərinə, onların indeks göstəricilərinin yüksəlməsi üçün çox əla fürsətdir. Üstəlik, onlar bu fürsətdən yararlanmaqla özlərinin faydalı iş əmsallarını artıra və diferensial maaş sisteminin tələb olunduğu elmi müəssisə və universitetlərdə əmək haqqılarını da artıra bilərlər. Ən əsası isə Azərbaycan alimlərinin adları, məqalələri dünyanın elmi çevrələrində daha çox görünməyə başlayacaqdır. Dövlət bu istiqamətdə zəruri, deyərdim ki, ən vacib addımı atdı. Növbə isə alimlərdədir: onlar bu fürsətdən yararlanmaq üçün tələsməli və paralel olaraq özlərini inkişaf etdirməlidirlər. Bəli, dərs olunmaq onlar üçün ödənişsiz başa gələcək, amma bu o demək deyil ki, müəllifləri olduqları məqalələrin keyfiyyət göstəriciləri də aşağı olsun. Elm adamları dünya elminin tələb etdiyi meyar və standartları daha yaxşı mənimsəməli və ingilis dilinin akademik incəliklərinə qədər öyrənməlidirlər. Çünki impakt faktorlu jurnallarda dərc oluna bilinməməyin yeganə səbəbi təkcə yüksək maliyyə tələbi deyildi. Məqalələrin meyar və standartlara cavab verməsi və akademik ingiliscədə yüksək səviyyədə hazırlanması da əsas şərtlərdəndir”,- deyə ekspert fikirlərini tamamlayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov isə Trend-ə bildirib ki,alimlərin məqalələrinin ilk dəfə xaricdə pulsuz nəşr edilməsi Azərbaycan elminin beynəlxalq elmi məkanla əlaqələrində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır.
Onun sözlərinə görə, bu qərar təkcə maliyyə yükünü azaltmaq deyil, həm də milli elmin qlobal sistemə inteqrasiyasını sürətləndirən elmi-sosial islahat kimi dəyərləndirilməlidir:
“Azərbaycan alimlərinin beynəlxalq jurnallarda dərc olunma faizi son illərdə artmaqdadır, lakin 2023-cü ildə aparılmış “Scimago Journal Rank” və “Web of Science” məlumat bazalarına əsasən, ölkəmiz region üzrə hələ də geri qalır. Belə ki, Türkiyə və Qazaxıstanın illik elmi məqalə sayı 20–25 min arasında dəyişdiyi halda, Azərbaycanın göstəricisi 2500 civarındadır. Bu fərqin əsas səbəblərindən biri elmi məqalələrin nəşri üçün tələb olunan yüksək ödənişlər və institusional dəstəyin məhdudluğu idi. Elm və Təhsil Nazirliyinin pulsuz nəşr təşəbbüsü məhz bu baryeri aradan qaldırmaq məqsədi daşıyır. Azərbaycan Respublikasının “Elm haqqında” Qanununun 10-cu maddəsində qeyd olunur ki, “dövlət elmi fəaliyyətin inkişafı üçün maddi-texniki və maliyyə təminatını həyata keçirir, elmi nəticələrin beynəlxalq səviyyədə tanıdılması üçün şərait yaradır”. Yeni mexanizm bu qanun müddəasının praktik tətbiqi kimi çıxış edir. Eyni zamanda, “Ali təhsil haqqında” Qanunun 26-cı maddəsinə əsasən, ali təhsil müəssisələri beynəlxalq elmi əməkdaşlığın inkişafına və elmi nəticələrin xaricdə yayılmasına dəstək göstərməlidirlər. Nazirliyin bu qərarı həm hüquqi, həm də strateji baxımdan mövcud qanunvericiliyin tələblərinə tam uyğun gəlir və dövlətin elm siyasətində açıq elmin prinsiplərinin gücləndirilməsini təmin edir”.
Kamran Əsədov vurğulayıb ki, müsbət tərəflər baxımından bu addım ölkənin elmi istehsal gücünü artırmaqla yanaşı, elmi ədalət prinsipini bərpa edir:
“Çünki indiyədək bir çox istedadlı tədqiqatçılar maddi səbəblər üzündən beynəlxalq jurnallarda məqalə dərc edə bilmirdilər. “Article Processing Charge” (APC) adlanan ödənişlər bəzən 500–2000 ABŞ dollarına qədər dəyişirdi ki, bu da gənc alimlər və doktorantlar üçün ciddi maneə yaradırdı. Bu məhdudiyyət aradan qaldırıldıqda, elmi yaradıcılıq bərabər imkanlar üzərində qurulacaq və elmi nəticələrin keyfiyyəti maliyyə imkanları ilə deyil, intellektual dəyəri ilə ölçüləcək. Eyni zamanda, bu qərar ölkənin elmi məhsuldarlığını və beynəlxalq nüfuzunu yüksəldəcək. 2022-ci ilin “Clarivate Analytics” məlumatlarına əsasən, Azərbaycan alimlərinin sitat indeksi (citation impact) 0,31 idi ki, bu da dünya orta göstəricisindən (1,0) üç dəfə aşağıdır. Xaricdə pulsuz nəşr imkanı məqalələrin əlçatanlığını və istinad səviyyəsini artırmaqla bu fərqi azaldacaq. Beləliklə, universitetlərin beynəlxalq reytinqlərdəki “Research Output” və “Citations per Faculty” göstəricilərində nəzərəçarpan artım müşahidə olunacaq.Bu təşəbbüsün dünya təcrübəsində də uğurlu nümunələri mövcuddur. Məsələn, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Horizon Europe” proqramında dövlətlər elmi nəşrləri “Open Access” modelində dəstəkləyir. İsveç, Hollandiya və Almaniya kimi ölkələr “cOAlition S” adlı birgə təşəbbüslə açıq elmi nəşrləri dövlət səviyyəsində maliyyələşdirir. Eyni model UNESCO-nun “Açıq Elm Çərçivə Sazişində” də öz əksini tapır və dövlətlərin elmi biliklərin yayılmasına məsuliyyət daşıdığını təsbit edir”.
O, həmçinin əlavə edib ki, Azərbaycanın bu təşəbbüslə beynəlxalq elmi siyasətə inteqrasiyası həm geosiyasi, həm də elmi baxımdan önəmli mərhələdir.
“Lakin bu prosesin mənfi tərəfləri də diqqətdən kənarda qalmamalıdır. Əgər nəşr üçün maliyyə dəstəyi mexanizmi düzgün tənzimlənməsə, keyfiyyətsiz, plagiat və ya “predator” adlanan saxta jurnallarda məqalə axını arta bilər. Buna görə də Elm və Təhsil Nazirliyi yalnız beynəlxalq elmi bazalarda (Scopus, Web of Science, Springer, Elsevier və s.) indekslənən jurnallarda nəşrə prioritet verməli, elmi keyfiyyətə nəzarət sistemini institusional şəkildə formalaşdırmalıdır.Uzunmüddətli baxışda bu qərar elmi sistemin strukturunda yeni motivasiya mühiti yaradacaq. Alimlər elmi nəticələrini qlobal platformalarda paylaşmaqla həm fərdi, həm də institusional səviyyədə tanınacaq, beynəlxalq tədqiqat layihələrinə daxil olma imkanları artacaq. Bu, universitetlərdə elmi fəaliyyətin stimullaşdırılmasına və akademik mədəniyyətin yüksəlməsinə səbəb olacaq. Hesab edirəm ki, alimlərin xaricdə pulsuz nəşr imkanı elmin maliyyə asılılığını azaldır, intellektual ədaləti bərpa edir, beynəlxalq inteqrasiyanı dərinləşdirir və ölkənin elmi nüfuzunu yüksəldir. Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü həm hüquqi, həm strateji, həm də mənəvi baxımdan mütərəqqi qərardır. O, Azərbaycanın elmi potensialını beynəlxalq səviyyəyə daşımaqla, bilik və innovasiya əsrinin çağırışlarına uyğun çevik və açıq elmi ekosistemin formalaşmasına xidmət edir”,- deyə K.Əsədov əlavə edib.