Bakı. Trend:
Ölkələrimiz arasında üçtərəfli formatda görüşlərin keçirilməsi iqtisadi-ticari, nəqliyyat-logistika, energetika və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın dərinləşdirməsi üçün xüsusi əhəmiyyət daşıyır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.
Baş nazirin müavini vurğulayıb ki, bugünkü görüş Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlərə həsr olunub.
“Üçtərəfli formatda aparacağımız müzakirələr ölkələrimiz arasında ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Əminəm ki, konstruktiv və müsbət məcrada keçəcək müzakirələrimiz üç ölkə arasında müvafiq sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək”, - deyə Ş.Mustafayev bildirib.