...

Azərbaycan bütün siyasi platformalarda ehtiramla qarşılanan dövlətdir

Siyasət Materials 12 Oktyabr 2025 09:48 (UTC +04:00)
Azərbaycan bütün siyasi platformalarda ehtiramla qarşılanan dövlətdir

Bakı. Trend:

Azərbaycanın xarici siyasət kursu respublikamızın milli maraq və mənafelərini qətiyyətlə təmin etməklə yanaşı, regionda və beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Prezident İlham Əliyevin son həftələrdə iştirak etdiyi BMT Baş Assambleyasının 80-ci sessiyası, “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində keçirdiyi görüşlər deyilənlərin bariz təsdiqidir.

Cənab İlham Əliyevin oktyabrın 9-10-da Tacikistana səfəri və MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı bu reallığın növbəti təzahürü oldu. Dövlətimizin başçısının Tacikistana səfəri iki baxış bucağından – Azərbaycan-Tacikistan münasibətləri və Azərbaycan-MDB münasibətləri kontekstindən qiymətləndirilməlidir.

Azərbaycanla Tacikistan arasındakı tarixi, mədəni və dini bağlılıqlar, eləcə də ali səviyyədə təşəkkül tapmış qarşılıqlı hörmət və ehtirama söykənən siyasi dialoq əlaqələrin əsasını təşkil edir. Son illərdə münasibətlər daha da genişlənmiş, məzmunca zənginləşərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bunun əsas səbəbi Azərbaycan və Tacikistan prezidentləri arasındakı dostluq münasibətləri, onların qarşılıqlı səfərləridir.

2024-cü ilin may ayında Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri iki ölkə arasındakı əlaqələrin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoydu. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” dövlətlərarası münasibətlərə strateji məzmun gətirdi. Həmin səfər çərçivəsində keçirilən biznes-forum isə tərəflərin iqtisadi-ticari əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlara malik olduqlarını göstərdi.

Prezident İlham Əliyevin bu günlərdə Düşənbəyə səfəri Azərbaycanla Tacikistan arasındakı yüksək siyasi və dostluq münasibətlərinin növbəti təcəssümü oldu. Prezidentlərin söhbəti zamanı Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşlər məmnunluqla xatırlandı, yüksəksəviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verdiyi bildirildi.

Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında da iki dövlət arasındakı əlaqələrə nəzər salaraq, qardaş Tacikistan xalqını Prezident Emoməli Rəhmonun rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik etdi. Dövlətimizin başçısı ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd edərək, onların qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslandığını və böyük inkişaf potensialına malik olduğunu bəyan etdi.

Azərbaycan və Tacikistan prezidentlərinin Düşənbədəki görüşü dövlətlərarası əlaqələrin inkişafı istiqamətində böyük siyasi əhəmiyyət daşıdı. Eyni zamanda bu görüş göstərdi ki, əlaqələrin inkişaf etdirilməsi istiqamətində hər iki ölkənin rəhbərliyi böyük siyasi iradə nümayiş etdirir.

Azərbaycan-MDB münasibətlərinə gəldikdə, respublikamız hər zaman bu təşkilatın fəaliyyətinə böyük töhfələr verib. Ermənistan istisna olmaqla bu gün Azərbaycanın digər MDB dövlətləri ilə yüksək səviyyəli siyasi münasibətləri var. Bu münasibətlər həm ikitərəfli, həm də kollektiv tərəfdaşlıq formasında uğurla həyata keçirilir. Azərbaycanın MDB üzvləri ilə iqtisadi əlaqələri də ildən ilə artan xətt üzrə inkişaf edir, əmtəə dövriyyəsi, qarşılıqlı investisiyaların qoyulması artır.

Məlum olduğu kimi MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilk növbədə bu təşkilatda Azərbaycana olan yüksək ehtiramın nümunəsidir. Bu qərar mühüm sosial-mədəni əhəmiyyət daşıyır və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin mədəni və iqtisadi dirçəliş prosesinə MDB üzvləri tərəfindən dəstəyinin ifadəsidir. Laçın şəhərinin “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi həm də bu şəhərin mədəni dirçəlişi və beynəlxalq əməkdaşlıq sisteminə fəal inteqrasiyası üçün mühüm təkandırDüşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında bu məsələyə diqqət çəkən cənab Prezident İlham Əliyev Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirdi. Eyni zamanda dövlətimizin başçısı tamamilə dağıdılmış Laçının bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrildiyini böyük qürurla iclas iştirakçılarının diqqətinə çatdırdı.

Bu günlərdə isə Azərbaycan III MDB Oyunlarına ev sahibliyi etdi. Bu idman tədbirinin 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş" iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında qəbul edilib. Bu hüququn Azərbaycana verilməsi də MDB çərçivəsində respublikamıza olan böyük etimadın göstəricisi oldu.

III MDB Oyunları Azərbaycanın 7 şəhərində - Gəncə, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirildi. Yarışlarda həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı iştirak etdi. Respublikamız indiyə qədər ev sahibliyi etdiyi digər idman tədbirləri kimi III MDB Oyunlarını da yüksək səviyyədə təşkil etdi. Xarici qonaqlar bir daha təşkilatçılığın və qonaqpərvərliyin Azərbaycan nümunəsinə şahidlik etdilər.

Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında III MDB Oyunlarına da toxunaraq bildirdi ki, bu qəbildən olan tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Cənab Prezident İlham Əliyevin Tacikistana səfəri Azərbaycanın çoxvektorlu xarici siyasətinin növbəti göstəricisi oldu. Dövlətimizin başçısının bu səfəri və MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirakı bir daha təsdiq etdi ki, Azərbaycan bütün siyasi platformalarda ehtiram və hörmətlə qarşılanan dövlətdir.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Xəbər lenti

Xəbər lenti