Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumilikdə 236 862 müraciət üzrə 361 361 "ASAN İmza" elektron imza sertifikatı verilib.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə müraciət üzrə 17,5%, verilmiş sertifikatlar üzrə isə 22% azalma qeydə alınıb.
Eyni zamanda 2025-ci ilin yanvar – sentyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 429.580 şəxs qəbul edilib, onlara 682.504 sayda xidmət göstərilib ki, bunun da 241 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 150 mindən çoxu isə elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.
“Yanvar – sentyabr ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 25,4 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 19,1 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində 3.024 vergi ödəyicisinin iştirakı ilə 289 görüş keçirilib, 3.806 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 2 milyon 215 minə yaxın SMS göndərilib”, - deyə məlumatda qeyd edilib.