Bakı. Trend:
Bu ilin yanvar-avqust ayları ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 100 müraciətə baxılıb.
Bu barədə Trend agentliyə istinadən xəbər verir.
Məlumata əsasən, baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artım qeydə alınıb. Belə ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 84 müraciətə baxılmışdı.
Bildirilib ki, müraciətlərin 44-ü xidmət, 13-ü ticarət, 12-si ictimai iaşə, 9-u qeyri-qida, 2-si qida, 2-si dərman vasitələri və tibbi avadanlıqlar, 1-i tütün məmulatları, 17-si isə digər sahələrə aid olub.
"Reklam fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi istehlakçıların mal və xidmətlər barədə düzgün məlumat əldə etməsini təmin edir, sahibkarların ədalətli rəqabət şəraitində fəaliyyət göstərməsinə imkan yaradır", - deyə məlumatda qeyd edilib.