Bakı. Trend:
Avropa İttifaqına üzv ölkələr oktyabrın 12-dən etibarən xarici sərhədlərdə “Giriş/Çıxış Sistemi” (EES) adlı yeni elektron nəzarət mexanizmini tətbiq etməyə başlayacaqlar.
Trend xəbər verir ki, sistem Aİ-yə qısamüddətli səfərlər (istənilən 180 günlük dövrdə 90 günədək) edən şəxslərin elektron qeydiyyatını təmin edəcək.
EES-in mərhələli şəkildə, təxminən altı ay ərzində tam fəaliyyətə başlaması planlaşdırılır. Bu müddət ərzində üzv dövlətlər öz sərhəd-keçid məntəqələrində sistemin tətbiqinə müstəqil şəkildə qərar verəcəklər.
Yeni sistem pasportlara ştamp vurulması praktikasını ləğv edərək, bu məlumatların elektron qaydada qeydiyyatı ilə əvəz olunmasını nəzərdə tutur.
Avropa Komissiyası bildirir ki, bu yanaşma sərhəd xidmətlərinə, nəqliyyat sektoruna və səyahət edənlərə yeni qaydalara uyğunlaşmaq üçün vaxt qazandıracaq.