Bakı. Trend:
Danimarkanın Müdafiə Nazirliyi naməlum pilotsuz uçuş aparatlarının izlənilməsi və onlara qarşı mübarizə üçün lazımı resursların yaradılmasına 2,1 milyard kron (330 milyon dollar / 561 milyon manat- red) ayırıb.
Trend nazirliyin bəyanatına istinadən xəbər verir ki, bu qərar krallığın silahlı qüvvələr komandanlığının təklifi əsasında verilib.
Ümumilikdə 2025–2033-cü illər ərzində ehtiyatlar və yeni təşəbbüslər üçün 3,8 milyard kron (590 milyon dollar) xərclənəcək. Məlumatda qeyd olunur ki, mövcud təhlükəsizlik vəziyyəti fonunda Silahlı Qüvvələrin Baş komandanı pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinin, eləcə də süni intellekt əsasında qərar qəbul etməyə dəstək sisteminin alınmasını tövsiyə edib.
“Son həftələrdə baş verən pilotsuz aparatlarla bağlı hadisələr Danimarka Silahlı Qüvvələrinin PUA-larla mübarizə imkanlarını gücləndirməyə olan tələbatını artırıb. Buna görə də mən məmnunam ki, Danimarka dronlara qarşı mübarizə qabiliyyətlərini artıracaq mühüm resursların alınması üçün vəsait ayırır. Bu, göstərir ki, Danimarka bu növ hibrid təhdidə qarşı mübarizəni gücləndirir”, - deyə Danimarkanın müdafiə naziri Truels Lund Poulsen bildirib.