Bakı. Trend:
Meksikanın mərkəzi və cənub bölgələrini bürüyən güclü yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 37 nəfərə yüksəlib.
Trend xəbər verir ki, bu barədə “El Universal” qəzeti Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, ən çox insan tələfatı İdalqo ştatında qeydə alınıb – burada 22 nəfər həlak olub. Pueblada doqquz, Verakruzda beş, Keretaro ştatında isə bir nəfərin öldüyü bildirilir.
Hazırda ölkənin beş ştatının 117 bələdiyyəsində əhaliyə yardım tədbirləri gücləndirilir.
Meksika Prezidenti Klaudiya Şeynbaumun sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında beş mindən çox hərbçi və xilasedici iştirak edir.
XXX
20:25
Meksikanın mərkəzi və sahil bölgələrini bürüyən güclü daşqınlar nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə “El Universal” qəzeti məlumat yayıb.
Ən çox insan tələfatı Hidalqo ştatında qeydə alınıb – burada 18 nəfər həlak olub. Daha doqquz nəfər Pueblada, üç nəfər Verakruzda, bir nəfər isə Queretaroda həyatını itirib.
Təbii fəlakət genişmiqyaslı dağıntılara və elektrik enerjisinin kəsilməsinə səbəb olub. Verakruz ştatının Poza Rika şəhərində su səviyyəsinin bəzi yerlərdə üç metri keçdiyi bildirilir.
Rəsmilərin məlumatına görə, yüzlərlə ev zədələnib, onlarla körpü və yol dağılıb. Bir neçə kənddə rabitə və elektrik təchizatı bərpa olunmayıb.