...

Türkmənistanın dəstəyi ilə Füzulidə tikiləcək məscid mənəvi və siyasi anlamda dərin rəmzi məna daşıyır – Gülşən Paşayeva

Cəmiyyət Materials 10 Oktyabr 2025 17:53 (UTC +04:00)
Türkmənistanın dəstəyi ilə Füzulidə tikiləcək məscid mənəvi və siyasi anlamda dərin rəmzi məna daşıyır – Gülşən Paşayeva
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistanın dəstəyi ilə Füzuli şəhərində inşa ediləcək yeni məscid təkcə din və mədəni baxımdan deyil, həm də mənəvi və siyasi anlamda dərin rəmzi məna daşıyır.

Trend xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva Türkmənistan tərəfindən Azərbaycan xalqına hədiyyə olunmuş məscidin Füzuli şəhərində təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, yeni inşa olunacaq məscid Türkmən və Azərbaycan xalqları arasındakı dostluğun, qardaşlığın və ortaq tarixin, köklərin canlı təzahürüdür:

“Məlum olduğu kimi uzun illər ərzində dağıntılara məruz qalmış Qarabağ torpaqları bu gün yenidən qurulur, tikilir, oraya həyat qayıdır. Yeni yollar, məktəblər, mədəniyyət ocaqları, yaşayış məntəqələri inşa olunur. Qardaş Türkmənistanın dəstəyi və təşəbbüsü ilə Füzuli şəhərində ucaldılacaq məscid dövlətimiz tərəfindən aparılan yenidənqurma prosesinin ayrılmaz hissəsi olmaqla yanaşı, Türkmənistanın xalqımıza mənəvi dəstəyinin parlaq nümunəsidir. Bu məscidin minarələrindən ucalacaq Azan səsi Qarabağın azad nəfəsini, ədalətin bərpasını və Türk-İslam həmrəyliyini təcəssüm etdirəcək. O yalnız iqamətgah deyil, həm də işğaldan azad edilmiş torpaqlarımızda mənəvi dirçəlişin, sülhün, birliyin və qarşılıqlı etimadın rəmzinə çevriləcək”.

G. Paşayeva vurğulayıb ki, Azərbaycan və Türkmənistan əlaqələri son illərdə nümunəvi səviyyəyə yüksəlib:

“Bu münasibətləri sadəcə diplomatik, siyasi, iqtisadi, mədəni tərəfdaşlıq çərçivəsində deyil, həm də qardaşlıq münasibətləri kimi dəyərləndirmək lazımdır. İki ölkə arasında enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq dinamik şəkildə inkişaf edir. 2021-ci ildə Xəzər dənizində “Dostluq” yatağının birgə işlənməsi haqqında imzalnamış razılaşma bunun ən parlaq nümunəsidir. Bu layihə çərçivəsində iki xalq arasında dostluq və qarşılıqlı etimadın möhkəm bünövrəsi yaradılıb. Bununla yanaşı, Xəzər dənizi üzərindən artan ticarət, Bakı-Türkmənbaşı limanları arasında müntəzəm daşımalar və logistika əməkdaşlığı regionumuzun strateji inteqrasiyasını gücləndirir. Azərbaycan və Türkmənistan həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsindəortaq dəyərlərimizi, dilimizi, tariximizi, mədəniyyətimizi qorumaq və gələcək nəsillərə ötürmək istiqamətində çiyin-çiyinə çalışır”.

G. Paşayeva qeyd edib ki, bugünkü mərhələ təkcə yeni məscidin təməli deyil, bu, Qarabağın bərpasında beynəlxalq əməkdaşlığın və dostluq münasibətlərinin də parlaq səhifəsidir:

“Türkmənistanın bu layihədə iştirakı göstərir ki, qardaş dövlətlər azad edilmiş ərazilərin yenidən qurulmasında, onların social-iqtisadi və mədəni həyatında töhfə verməyə səmimi maraq göstərirlər.
Bu gün biz tarix yazırıq. Füzulidə ucalacaq məscid gələcək nəsillər üçün dostluğun, həmrəyliyin və mədəni birliyin əbədi nişanı olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti