Bakı.Trend:
Azərbaycanın uğurla ev sahibliyi etdiyi III MDB Oyunlarında çıxış edən idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz nəqliyyat xidmətləri ilə təmin olunub.
24 sentyabr – 9 oktyabr tarixlərində 189 reys həyata keçirilib, 4056 idmançı və nümayəndə heyəti üzvünün aeroportlardan oyunların keçirildiyi şəhərlərə, o cümlədən əks istiqamətdə daşınması təmin olunub.
Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Qeyd edilib ki, ölkəmizə gələn qonaqların həm Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından, həm də Gəncə Beynəlxalq Hava Limanından oyunların keçirildiyi şəhərlərə daşınması üçün 40 avtobus cəlb edilib.
Həmçinin tədbirlərin keçiriləcəyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 avtobus ayrılıb. Yarışların keçirildiyi günlərdə həmin avtobuslarla şəhərdaxili daşımalarda 4055 reys həyata keçirilib, 17792 idmançı və nümayəndə heyətinin üzvü tədbirlərin keçirildiyi məkanlara rahat və təhlükəsiz şəkildə çatdırılıb.
Xatırladaq ki, III MDB Oyunları ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçirildiyi şəhərlərə tam heyətlə cəlb olunmuşdurlar.