Bakı. Trend:
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ilə bağlı sanksiyalar sərtləşdirilir.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi 4 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təklif edilən dəyişikliyə əsasən, bu cinayət cinayətin predmetinin dəyərinin 50 faizindən 70 faizinədək miqdarında cərimə və ya 5 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.