...

Biometrik nəzarətin hüquqi əsasları müasir dəyişikliklərə uyğun olaraq təkmilləşdirilməlidir - Şöbə rəisi

Gündəm Materials 10 Oktyabr 2025 16:07 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Biometrik nəzarət, biometrik informasiya xidmətlərinin göstərilməsi, bu məlumatların toplanması və işlənməsi zamanı əsasən hansı prinsiplərin rəhbər tutulmalı olduğu aktual və önəmli məsələdir.

Trend xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi Elgin Abdullayev “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalı çərçivəsində baş tutan “Səni tanıyan şəhər: Biometrik nəzarət, toplanan data, insan hüquqları, mühafizə yolları - hansı daha vacibdir?” adlı panel sessiyada çıxışı zamanı deyib.

Şöbə rəisinin sözlərinə görə, biometrik məlumatlar şəxsin bioloji, fiziki və fizioloji xüsusiyyətləri ilə bağlı olduğuna görə bu məlumatlar “xüsusi kateqoriyalı fərdi məlumatlar” kimi qiymətləndirilir.

E.Abdullayev bildirib ki, biometrik məlumatların toplanmasının əsas məqsədləri – şəxsiyyət vəsiqələrinin verilməsi, sərhəd-keçid məntəqələrində nəzarət, müəyyən cinayət işlərinin istintaqı, əməliyyat-axtarış və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlıdır:

“Lakin bu informasiyaların toplanması zamanı şəxsi məlumatların mühafizəsi məsələsi də ön plana çıxır. Beləliklə, burada balansın qorunması əsas şərtdir.

Bir tərəfdən dövlət orqanlarının qanunla müəyyən olunmuş funksiyalarını icra etməsi zəruridir, digər tərəfdən isə toplanan şəxsi məlumatların təhlükəsizliyinin təmin olunması da vacibdir. Bu baxımdan insan hüquq və azadlıqlarının qorunması əsas prinsip kimi qəbul edilməlidir. Xüsusilə də biometrik məlumatların könüllü razılıq əsasında toplanması prinsipinə riayət olunmalıdır.

Düşünürəm ki, biometrik məlumatlarla bağlı qanunvericilik yalnız informasiyanın toplanmasına deyil, həm də bu məlumatların saxlandığı sistemlərin mühafizəsinə dair də konkret və effektiv tələblər irəli sürməlidir. Şəxsin məlumat verməzdən əvvəl tam şəkildə məlumatlandırılması, hansı məqsədlə məlumatın toplandığının izah olunması təmin edilməlidir.

O xatırladıb ki, “Biometrik məlumatlar haqqında” Qanun 2008-ci ildə qəbul edilib:

“Bu müddət ərzində texnologiyalar və ictimai münasibətlər dinamik şəkildə dəyişib. Biometrik nəzarətin hüquqi əsasları bu dəyişikliklərə uyğun olaraq təkmilləşdirilməlidir. Texnologiyaların inkişafı ilə yaranan yeni risklərə cavab verə biləcək müasir hüquqi mexanizmlərin yaradılması artıq zərurətə çevrilib”.

Xəbər lenti

Xəbər lenti