Bakı. Trend:
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti informasiya təhlükəsizliyi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq dövlət informasiya sistemləri və ehtiyatlarında toplanan məlumatların təhlükəsizlik baxımından monitorinqini aparır.
Trend xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi Elgin Abdullayev “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalı çərçivəsində baş tutan “Səni tanıyan şəhər: Biometrik nəzarət, toplanan data, insan hüquqları, mühafizə yolları - hansı daha vacibdir?” adlı panel sessiyada çıxışı zamanı deyib.
E.Abdullayev bildirib ki, bu monitorinq təhlükəsizlik meyarları əsasında həyata keçirilir:
“Burada əsasən informasiya təhlükəsizliyinin əsas prinsipləri — konfidensiallıq, mötəbərlik (bütövlük), əlçatanlıq və obyektivlik meyarları üzrə qiymətləndirmə aparılır. Məlumatların toplandığı informasiya ehtiyatları və sistemləri ildə azı bir dəfə obyektiv audit və qiymətləndirmədən keçirilir.
Biometrik informasiya isə elə bir məlumat növüdür ki, burada xüsusi tələblər tətbiq olunmalıdır. Bu tələblər təkcə məlumatların toplandığı sistemlərə deyil, həm də həmin sistemlərdə istifadə olunan texnoloji avadanlıqlar və proqram təminatlarına da şamil edilməlidir”.