Bakı.Trend:
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində bootcamp keçirilib.
Trend xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Bootcamp”ın məqsədi aqrar sahədə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqini təşviq etmək, gənclərin bu istiqamətdə bilik və bacarıqlarını artırmaq, azad edilmiş ərazilərin aqrar potensialı ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
“Bootcamp”da 20-yə yaxın ali təhsil müəssisəsini təmsil edən
tələbələr, həmçinin 10-a yaxın akselerasiya və inkubasiya
mərkəzinin nümayəndələri iştirak edib. Proqram iştirakçılara kənd
təsərrüfatında innovativ həllərin real mühitdə öyrənilməsi,
texnoloji yeniliklərlə yerində tanışlıq və təcrübə qazanmaq imkanı
yaradıb.
Proqram çərçivəsində təşkil edilən infotur zamanı iştirakçılar
Suqovuşan su anbarına və Xankəndi Tikiş Fabrikinə səfər ediblər.
Onlara bölgənin strateji su ehtiyatlarının idarə olunması, aqrar
infrastrukturun bərpası prosesində rəqəmsal texnologiyaların rolu
və sənaye müəssisələrinin kənd təsərrüfatı istehsalına
inteqrasiyası barədə ətraflı məlumat təqdim olunub.
Vurğulanıb ki, iştirakçılar həmçinin aqrar sahədə müasir texnoloji həllərin tətbiqinin məhsuldarlığın artırılması, resursların səmərəli istifadəsi və ixrac imkanlarının genişlənməsi baxımından əhəmiyyətini yerində müşahidə ediblər.
“Bootcamp”ın keçirilməsi gənclərin innovativ texnologiyalar sahəsində biliklərinin artırılması ilə yanaşı, azad edilmiş ərazilərdə aqrar inkişafın dəstəklənməsi və bu prosesə yeni nəsil mütəxəssislərin cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, cari il ərzində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və ali təhsil müəssisələrinin iştirakı ilə Zəngilan, Xaçmaz, Şamaxı rayonlarında və Xankəndi şəhərində bootcamp təşkil edilib.