Bakı. Trehnd:
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir.
Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu gün, 10 oktyabr - Ümumdünya Psixi Sağlamlıq Günü insanlara psixi rifahın qorunmasının vacibliyini bir daha xatırladır, çünki sağlam düşüncə və emosional sabitlik həm fərdi, həm də ictimai rifahın əsasını təşkil edir.
Psixi sağlamlığa mənfi təsir göstərən amillərdən biri olan alkoqol mənşəli psixi pozuntuların qarşısının alınması mövzusu xüsusilə aktuallıq kəsb edir. ÜST-ün statistik göstəricilərinə əsasən dünyada təxminən 400 milyon insan alkoqol və narkotik istifadəsi pozuntularından, onların arasında 209 milyon nəfər isə psixi və davranış pozuntuları ilə müşahidə olunan alkoqol asılılığından əziyyət çəkir. Tədqiqatlara əsasən alkoqol sinir sisteminə toksiki təsir etməklə beyində neyronların normal fəaliyyətini və kimyəvi tarazlığı pozaraq depressiya, narahatlıq, yuxu problemləri, şəxsiyyət dəyişiklikləri və digər halların yaranmasına səbəb olur. Alkoqoldan asılı şəxslərin təxminən 45–50%-i həyatlarının müəyyən mərhələsində ciddi psixi pozuntularla qarşılaşır.
Alkoqolun psixoloji təsirləri yalnız fərdin emosional vəziyyətinə deyil, həm də sosial münasibətlərinə və əmək qabiliyyətinə mənfi təsir göstərir. Buna görə də bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da bu kateqoriyadan olan pasiyentlərin diaqnostika və müalicəsi icbari tibbi sığorta təminatına alınıb.
Alkoqol mənşəli psixi və davranış pozuntuları uzunmüddətli və ya çox miqdarda alkoqol qəbulu nəticəsində beynin və sinir sisteminin fəaliyyətində yaranan ciddi dəyişikliklərlə müşahidə olunan psixi pozuntulardır. Bu vəziyyətlər özünü yaddaş və düşüncə qabiliyyətinin zəifləməsi, emosional qeyri-sabitlik, aqressiv davranış, yuxu pozğunluqları, hallüsinasiyalar, depressiv hallar və digər simptomlarla göstərə bilər.
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində alkoqol mənşəli psixi pozuntular zamanı göstərilən tibbi xidmətlərə həkim-psixiatr tərəfindən ambulator müayinə və konsultasiya, ilkin diaqnostika, psixoloji qiymətləndirmə, eləcə də tibbi göstəriş olduğu halda stasionar müalicə qarşılanır. Xəstələrə stasionar tibbi xidmət zamanı simptomatik və dərman müalicəsi, detoksikasiya prosedurları və müşayiətedici tibbi nəzarət də icbari tibbi sığorta hesabına həyata keçirilir.
Diaqnostika mərhələsində müasir laborator və instrumental müayinə üsullarından istifadə olunur: qanın ümumi və biokimyəvi analizi, elektrolit balansının və qaraciyər funksiyalarının qiymətləndirilməsi, nevroloji müayinə, EEG (elektroensefaloqrafiya) və s. Bu müayinələrin nəticələri həkim-psixiatr tərəfindən qiymətləndirilir və fərdi müalicə planı tərtib olunur.
Müalicə mərhələsində məqsəd xəstənin vəziyyətini stabilləşdirmək, alkoqoldan asılılığın fizioloji və psixoloji təsirlərini azaltmaq, həmçinin yenidən alkoqol qəbulunun qarşısını almaqdır. Pasiyentlərə dehidratasiyaedici və sedativ preparatlar, vitamin və minerallar, antidepresantlar və psixoterapevtik dəstək tədbirləri tətbiq olunur.
Qeyd olunanlardan əlavə icbari tibbi sığortanın ilkin tibbi-sanitariya yardımı çərçivəsində əhali arasında tütün, narkotik vasitələr və onların prekursorlarının, eləcə də alkoqollu içkilərin zərəri barədə sanitar maarifləndirmə işləri də həyata keçirilir.
Bu xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində icra olunur.
Mütəxəssislər vurğulayır ki, alkoqol mənşəli psixi pozuntuların qarşısını almaqda profilaktik tədbirlər böyük əhəmiyyət kəsb edir. Bunun üçün alkoqol istifadəsindən çəkinmək, gündəlik stress və psixoloji gərginliyi idarə etmək, sağlam həyat tərzi sürmək və sosial dəstək proqramlarında iştirak etmək tövsiyə olunur. Həmçinin, alkoqol asılılığı və ya davranış dəyişiklikləri əlamətləri müşahidə edildikdə vaxtında psixiatr və ya psixoloqa müraciət etmək vacibdir.