Bakı. Trend:
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq üzrə "5+1" formatı yerinə, "6" formatını təklif edilib.
Trend xəbər verir ki, Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bu barədə Türkmənistan tərəfindən Azərbaycan xalqına hədiyyə olunmuş məscidin Füzuli şəhərində təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə bildirib.
O vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı davam etdirilir:
"Burada müxtəlif formatlar var. Məsələn, Azərbaycan, Özbəkistan, Qazaxıstan arasında alternativ enerji haqqında Anlaşma Memorandumu imzalanıb. Ona görə də düşünürəm ki, Özbəkistan, Azərbaycan, Türkmənistan arasında həyata keçirilən layihə də böyük potensiala malikdir.
Ümumiyyətlə, Azərbaycan artıq məsələni "5+1" yox, yəni 5 Mərkəzi Asiya ölkəsi və Azərbaycan deyil, 6 ölkəli platforma haqqında düşünür. Yəni Azərbaycan Xəzər bölgəsinin ayrılmaz hissəsi olaraq 5 Mərkəzi Asiya ölkəsi ilə bu platformanı inkişaf etdirmək niyyətindədir".
F. Şəfiyev eyni zamanda bildirib ki, geosiyasi təhdidlər əməkdaşlığın inkişaf etdirilməsini vacib edir: "Ümid edirəm ki, Türkmənistan bir gün Türk Dövlətləri Təşkilatının da üzvü olacaq. Neytrallıq anlayışını, hərbi-siyasi bloklara qoşulmamağı anlayıram, ancaq beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı inkişaf etdirmək önəmlidir. Ona görə də ümid edirəm ki, Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq həm də beynəlxalq platformalar çərçivəsində irəliləyəcək".
F. Şəfiyev həmçinin Orta Dəhlizin əməkdaşlıq baxımından perspektivlərindən də danışıb: "Nəzərə alsaq ki, ənənəvi şimal marşrutu indi, demək olar ki, yam potensialı ilə işləmir. Bu məsələnin yaxın zamanlarda həll olunacağı gözlənilmir. Əsas səbəb də Rusiya-Ukrayna müharibəsidir. Ona görə də Orta Dəhlizin böyük potensialı var. Bu baxımdan hesab edirəm ki, Türkmənistanın da Orta Dəhlizə qoşulması çox vacib bir aktordur. Digər bir layihə də var: Çin, Qırğızıstan və Özbəkistan dəmir yolu haqqında layihəni həyata keçirirlər. Bu layihənin məntiqi davamı olaraq bunu Türkmənistan vasitəsilə Xəzər dənizinə, Azərbaycana və Qərb istiqamətinə davam etdirmək olar. Bunlar iki iqtisadi cəhətdən böyük potensiala malik olan layihələrdir".