...

Azərbaycan və Rusiya ikitərəfli münasibətlərdə yeni, etimada əsaslanan mərhələ

Siyasət Materials 10 Oktyabr 2025 17:11 (UTC +04:00)
Azərbaycan və Rusiya ikitərəfli münasibətlərdə yeni, etimada əsaslanan mərhələ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.

Bu görüş iki ölkə arasında münasibətlərin yeni, daha yetkin və qarşılıqlı etimada əsaslanan mərhələyə keçdiyini nümayiş etdirdi.

Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.

Politoloq bildirib ki, görüşdə aparılan müzakirələr, tərəflərin regionda sabitlik və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ortaq maraqlara malik olduqlarını bir daha təsdiqlədi.

"Dialoqunun əsas məğzi münasibətlərin normallaşması, son aylarda yaranmış bəzi anlaşılmazlıqların aradan qaldırılması və gələcəyə baxan gündəliyin formalaşdırılması idi. Xüsusilə, Rusiya Prezidentinin “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus sərnişin təyyarəsinin insidenti ilə bağlı verdiyi açıqlamalar bu məsələnin artıq arxada qaldığını və iki ölkə arasında etimadın bərpası üçün zəruri siyasi iradənin mövcud olduğunu göstərdi. Putin bildirdi ki, bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq. Bu, həm də sübut etdi ki, Bakı və Moskva münasibətlərdə gərginlik deyil, əməkdaşlıq xəttini əsas götürür."

A.Qarayev qeyd edib ki, eyni zamanda, son dövrlər Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa çalışan bəzi dairələrin – xüsusilə Simonyan, Solovyov, Zatulin kimi ermənipərəst fiqurların – informasiya manipulyasiyaları iflasa uğradı.

"Onların məqsədi iki dövlət arasında etimadı sarsıtmaq, Moskva-Bakı xəttində soyuqluq yaratmaq idi. Lakin prezidentlərin birbaşa və səmimi dialoqu bu cəhdlərin əsassız olduğunu, münasibətlərin dövlətlər səviyyəsində sağlam və strateji məcrada inkişaf etdiyini açıq şəkildə göstərdi."

A.Qarayev vurğulayıb ki, Azərbaycan üçün vacib məsələlərdən biri də Rusiyada fəaliyyət göstərən anti-Azərbaycan dairələrinin təsir imkanları idi.

"Prezident Putinin mediaya verdiyi açıqlamalar bu istiqamətdə aydınlıq gətirərək rəsmi Moskvanın bu kimi destruktiv qüvvələrin təsirinə düşmək niyyətində olmadığını nümayiş etdirdi. Bu, həm Azərbaycan ictimaiyyəti, həm də region üçün müsbət siqnaldır.

Ümumilikdə, bu görüş təkcə iki ölkə arasında yaranmış suallara nöqtə qoymadı, həm də gələcək əməkdaşlıq üçün siyasi iradəni təsdiqlədi. Azərbaycan və Rusiya arasında münasibətlərin tam normallaşması regionda sabitliyin, iqtisadi tərəfdaşlığın və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Prezidentlərin görüşü göstərdi ki, Bakı və Moskva münasibətləri qarşıdurma deyil, konstruktiv dialoq və qarşılıqlı hörmət əsasında inkişaf etdirməyə qərarlıdır."

Bundan başqa Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı da bir çox mətləblərə toxunub.

Politoloq bildirib ki, Tacikistanın paytaxtı Düşənbədə keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışı həm ikitərəfli Azərbaycan–Tacikistan münasibətlərinin, həm də MDB məkanında əməkdaşlığın inkişafına dair mühüm mesajlar verdi.

"Prezident İlham Əliyevin nitqi həm səmimiyyəti, həm də regional əməkdaşlığa yönəlik praqmatik yanaşması ilə diqqət çəkdi. Bundan başqa Tacikistanın sosial-iqtisadi inkişafı, xüsusilə Düşənbənin sürətli dəyişimi ilə bağlı söylədiyi fikirlər tacik xalqına hörmət və dostluq münasibətinin ifadəsi idi. Bu, Azərbaycan-Tacikistan əlaqələrinin qarşılıqlı etimad və səmimi tərəfdaşlıq ruhunda inkişaf etdiyini bir daha nümayiş etdirdi.Prezident İlham Əliyev çıxışında humanitar əməkdaşlığın əhəmiyyətini vurğuladı və MDB dövlət başçılarına Laçın şəhərinin 2024-cü il üçün MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsinə verdikləri dəstəyə görə təşəkkür etdi. Laçının işğaldan azad olunandan sonra qısa müddətdə bərpa edilərək yenidən dirçəlməsi, Azərbaycanın mədəni və tarixi irsinin dünyaya təqdim olunması həm ölkənin quruculuq potensialının, həm də MDB çərçivəsində əməkdaşlıq ruhunun təntənəsidir."

A.Qarayev qeyd edib ki, bununla yanaşı, III MDB Oyunlarının qədim Gəncə şəhərində və Azərbaycanın digər bölgələrində keçirilməsi Azərbaycan Respublikasının regional əməkdaşlığa verdiyi töhfənin bariz göstəricisidir.

"13 ölkədən 1600-dən artıq idmançının iştirakı ilə baş tutan bu tədbir MDB məkanında dostluğun, idman və mədəni əlaqələrin güclənməsinə, xalqlar arasında həmrəyliyin dərinləşməsinə xidmət etdi. Ümumilikdə, Prezident İlham Əliyevin çıxışı MDB daxilində bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı hörmət və mədəni yaxınlığın vacibliyini önə çıxardı. Azərbaycan bu birliyin fəal üzvü kimi regionda sabitliyin, tərəfdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verir."

Xəbər lenti

Xəbər lenti