Bakı. Trend:
Norveç silahlı qüvvələri naməlum pilotsuz uçuş aparatlarına (PUA) qarşı ümumi büdcəsi 150 milyon ABŞ dolları olan on il müddətli proqram işə salıb.
Trend xəbər verir ki, bu barədə ölkənin quru qoşunları komandanı Lars Lervik bəyan edib.
“Biz qarşıdakı 10 il ərzində gerçəkləşməsinə 1,5 milyard kron ayıracağımız dronlar üzrə proqramın başladığını elan edirik. İdeya mütəmadi olaraq innovasiyalar və sınaqlar həyata keçirmək, zamanla ayaqlaşmaq və lazım gəldikdə layihəni genişləndirməkdən ibarətdir”, - o deyib.
Hazırda Norveç quru qoşunlarının sərəncamında dronlara qarşı mübarizə ilə bağlı 3 sistem olsa da, naməlum PUA-lara qarşı tədbirlərdə polis qüvvələri də iştirak edir.