Bakı. Trend:
Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Proqramı çərçivəsində oktyabrın 10-da Xankəndi şəhərində sağlamlıq aksiyası təşkil edib.
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qarabağ bölgəsində mütəmadi baş tutan belə
aksiyalar müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin
kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi
və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə keçirilir. Eyni
zamanda, bu tədbirlər çərçivəsində əhalinin tibbi bilik və
məlumatlıqlarının artırılması məqsədilə sağlam həyat tərzi
mövzularında maarifləndirici aksiyalar baş tutur.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun
direktoru İradə Axundovanın başçılığı ilə institutun bir qrup həkim
briqadası, o cümlədən pulmonoloq, ftiziatr, kardioloq tərəfindən
yerli əhali və bölgədə fəaliyyət göstərən mütəxəssislər üçün
ətraflı müayinələr təşkil edilib.
Aksiyada döş qəfəsi orqanlarının rentgeni, xarici tənəffüs funksiyalarının spiroqraf vasitəsilə diaqnostik müayinələr təşkil olunub. Eyni zamanda, Elektrokardioqramma (EKQ), Exokardioqrafiya (EXO-KQ), Mantu sınağı və arterial qan qazlarının tərkibinin təhlili aparılıb.
Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.
Aksiya zamanı 320-ə yaxın Xankəndi sakini müayinədən keçiblər.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.