Bakı. Trend:
Pakistan təhlükəsizlik mənbələrinin məlumatına görə, Əfqanıstan qüvvələri Pakistan–Əfqanıstan sərhədi boyunca 5–6 fərqli nöqtəyə səbəbsiz atəş açıb.
Trend xəbər verir ki, bu barədə “Daily Pakistan” nəşri məlumat yayıb.
Hadisə Əfqanıstanın xarici işlər nazirinin Hindistana səfəri zamanı baş verib.
Mənbələrin bildirdiyinə görə, əfqan qüvvələri bir neçə sərhəd postuna hücum edib, lakin Pakistan ordusu qətiyyətli cavab verərək hücum edənləri geri çəkilməyə məcbur edib. Əks-hücum zamanı əfqan bölmələri ölənlərin cəsədlərini ərazidə qoyaraq öz ərazilərinə çəkilib.
Toqquşmaların Kurram rayonunda baş verdiyi, Pakistan qüvvələrinin iki əfqan nəzarət-buraxılış məntəqəsini məhv etdiyi qeyd olunur.
Mənbələr azı beş əfqan hərbçinin öldüyünü iddia edir, lakin bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
XXX
23:24
Pakistanın şimal-qərbindəki Ratta Kulaçi şəhərində polis təlim mərkəzinə hücum zamanı azı 7 polis əməkdaşı və 6 yaraqlı həlak olub.
Trend xəbər verir ki, bu barədə Pakistanın "Dunya News" xəbər portalı məlumat yayıb.
Hücumçular əvvəlcə darvazanın yaxınlığında bomba yüklü yük maşını partladıb, daha sonra təxminən 200 kursant və təlimatçının olduğu kompleksə daxil olublar.
Atışma təxminən 6 saat davam edib, əlavə olaraq 13 polis əməkdaşı yaralanıb. Polis bildirir ki, koordinasiyalı hücum qismən dəf edilib və növbəti itkilərin qarşısı alınıb.