Bakı. Trend:
Cari İran ilinin 6 ayı (21 mart -22 sentyabr 2025) ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən İran ilinin analoji dövrü ilə (20 mart -21 sentyabr 2024) müqayisədə dəyər baxımından 20,7%, çəki baxımından 4,21% azalıb.
Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.
Statistikaya əsasən, 6 ayda İranın Azərbaycana qeyri-neft məhsul ixracı dəyər baxımından təxminən 277 milyon dollar, çəki baxımından təxminən 421 min ton təşkil edib.
Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İran Azərbaycana 349 milyon dollar dəyərində 439 min ton qeyri-neft məhsulları ixrac edib.
Statistikada deyilir ki, İran Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.
Statistikaya görə, 6 ayda İranın Azərbaycanla ticarət dövriyəsi təxminən 283 milyon dollar dəyərində 424 min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 22%, çəki baxımından 5,2% azalıb.
Əlavə edək ki, İran Gömrük Administrasiyasının statistikasına əsasən altı aylıq dövrdə İranın qeyri-neft ixracı 25,9 milyard dollar dəyərində 75 milyon ton təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft ixracı dəyərində azacıq, həcmdə isə 6% artım qeydə alınıb.