Bakı. Trend:
Almaniya, Fransa və Böyük Britaniya ("Avropa üçlüyü" və ya E3) Qəzza zolağında atəşkəs haqqında razılaşmanı alqışlayır və ABŞ prezidenti Donald Trampın sülh planının növbəti mərhələlərinin həyata keçirilməsinə və BMT agentlikləri vasitəsilə Qəzzaya humanitar yardımın çatdırılmasına dəstək verməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə "Avropa üçlüyü" ölkələrinin liderləri - Fridrix Merts, Emmanuel Makron və Kir Starmer arasında danışıqların yekunları üzrə birgə bəyanatda deyilir.
"Biz Yaxın Şərqdə atəşkəs razılaşmasını, girovların azad edilməsinin planlaşdırılmasını və Qəzzada mülki şəxslərə humanitar yardımın bərpasını alqışlayırıq. Biz prezident Trampın rəhbərliyini, vasitəçilərin - Misir, Qətər və Türkiyənin diplomatik səylərini və sazişin həyata keçirilməsində regionda mühüm dəstəyi alqışlayırıq", - deyə sənəddə bildirilib.
Qeyd edilib ki, indi bütün tərəflərin öz öhdəliklərini tam və operativ şəkildə yerinə yetirməsi vacibdir.
"Biz planın növbəti mərhələləri üzrə gələcək danışıqları dəstəkləməyə və öz töhfəmizi verməyə hazırıq", - deyə bəyanatda bildirilib.
“Biz atəşkəs qüvvəyə mindikdən sonra təqdim edilməli olan BMT agentlikləri vasitəsilə əsaslı humanitar yardımın göstərilməsinə dəstək verməsini öhdəmizə götürürük”, - deyə üç ölkənin liderləri bildiriblər.