Bakı. Trend:
“Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) beynəlxalq kiberfestivalı çərçivəsində Bakı şəhərində “Women in Cyber – Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi” adlı beynəlxalq konfrans keçirilib.
Trend xəbər verir ki, tədbir “Femmes Digitales – Supporting Women in Tech” İctimai Birliyi və Estoniyanın Elektron Hökumət Akademiyası (e-Governance Academy, eGA) tərəfindən təşkil olunub.
Konfransın əsas tərəfdaşları Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasıdır (AKTA).
Tədbirdə regionun müxtəlif ölkələrindən olan 300-dən çox iştirakçı – kibertəhlükəsizlik mütəxəssisləri, dövlət rəsmiləri, akademiklər və gənc mütəxəssislər iştirak ediblər.
Müasir dövrdə qadınların kibertəhlükəsizlik və informasiya texnologiyaları sahəsində artan rolu həm milli, həm də regional inkişaf gündəliyində prioritet istiqamətlərdən biridir. “Women in Cyber” konfransı bu istiqamətdə mühüm platforma rolunu oynayaraq qadınların bilik və bacarıqlarının artırılması, təcrübə və ideya mübadiləsinin təşviqi, eləcə də gənc mütəxəssislərin bu sahəyə cəlb olunması məqsədini daşıyır.
Konfransın açılış mərasimində çıxış edən XRİTDX-in Baş idarə rəisinin müavini Tural Məmmədov qadınların kibertəhlükəsizlik sahəsində iştirakının və liderlik potensialının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, qadınların kibertəhlükəsizlikdə liderliyini təşviq etməklə regionumuz üçün daha təhlükəsiz, ağıllı və inklüziv gələcəyə sərmayə qoyulur. Eləcə də, T. Məmmədov müasir dövrdə qadınların kibertəhlükəsizlik və informasiya texnologiyaları sahəsində artan rolu həm milli, həm də regional inkişaf gündəliyində prioritet istiqamətlərdən biri olmasını vurğulayıb.
Tədbirdə “Femmes Digitales” təşkilatının təsisçisi və sədri Jana Krimpe, e-Governance Academy (eGA) təşkilatının baş kibertəhlükəsizlik eksperti və layihə rəhbəri Elsa Neeme, Moldova Avropa Siyasi Tədqiqatlar İnstitutunun direktoru, e-Governance Akademiyasının kibertəhlükəsizlik üzrə eksperti Natalia Spinu, eləcə də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya və Kibertəhlükəsizlik İdarəsinin rəhbəri xanım Nataliya Tkaçuk və digər beynəlxalq ekspertlər çıxış ediblər.
Tədbir zamanı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İcraçı direktoru cənab Rauf Cabarov və “Femmes Digitales” təşkilatının təsisçisi və sədri xanım Jana Krimpe arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Konfrans çərçivəsində kibertəhlükəsizlik sahəsində qadınların rolunun artırılması, böhran dövrlərində rəqəmsal dayanıqlığın gücləndirilməsi, regional əməkdaşlıq və ictimai etimadın möhkəmləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.