Bakı. Trend:
Layihənin əsas hədəfi elm və təhsil sahəsində çalışan əməkdaşlar və ali təhsil müəssisələrində təhsil alan tələbələrin sağlam həyat tərzini təşviq etməkdir.
Trend xəbər verir ki, bu fikirləri bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Push30 şirkətinin birgə layihəsinin təqdimatı mərasimində ETİHİ-nin sədr müavini Mirzə Cəfərizadə səsləndirib.
O bildirib ki, layihə çərçivəsində iştirakçılar idmanla məşğul olmaq imkanı əldə edəcək, asudə vaxtlarını səmərəli keçirmək fürsəti qazanacaqlar:
“Bu, təhsil işçilərinin və tələbələrin sağlamlığına xidmət edən mühüm sosial təşəbbüsdür. Layihədən yalnız müəllim və təhsil işçiləri deyil, eyni zamanda tələbələr də yararlana biləcəklər. “PUSH-30” layihəsi çərçivəsində təşkilatçılar tərəfindən onlara güzəştli şərtlər təqdim ediləcək”.
O əlavə edib ki, hazırda layihə üzrə ilkin mərhələdə 3.000 nəfərin əhatə olunması planlaşdırılıb. Lakin gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulur:
“Layihəyə qoşulan iştirakçılar başqalarını da təşviq edəcək, bu da layihənin miqyasının genişlənməsinə şərait yaradacaq”.