Bakı. Trend:
Maltanın paytaxtı Valletta “Readers Choice Awards – 2025” reytinqində Paris, Afina və Lissabon kimi turizm mərkəzlərini geridə qoyaraq birinci yeri tutub.
Trend xəbər verir ki, seçim “Condé Nast Traveller” jurnalı tərəfindən aparılıb.
182 mindən çox oxucu səs verərək Valletta şəhərinin mədəniyyəti, mətbəxi və qonaqpərvərliyini yüksək qiymətləndirib.
Valletta 100 baldan 97,33 bal toplayaraq zirvəyə yüksəlib. Sahəsi bir kvadrat kilometrdən az olan şəhər barokko üslubundakı sarayları, qədim istehkamları, kilsələri və dar küçələri ilə “açıq səma altında muzey” adlandırılır.
Valletta 16-cı əsrdə Osmanlı mühasirəsindən sonra Malta Cəngavərləri tərəfindən salınıb və 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.