Bakı. Trend:
Xəzinə qalığının idarə edilməsi üzrə görülmüş işlər nəticəsində, 2025-ci il 1 oktyabr tarixinə milli valyutada olan xəzinə vəsaitləri üzrə 65,8 milyon manat, xarici valyutada olan vəsaitlər üzrə isə 9,3 milyon manat ekvivalentində olmaqla, ümumilikdə 75,1 milyon manat məbləğində faiz gəliri əldə edilib.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü il ərzində xəzinə vəsaitlərinin idarə olunmasından büdcəyə daxil olan 17,5 milyon manatla müqayisədə təxminən 4,3 dəfə çoxdur.
Qeyd edək ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və büdcəyə əlavə gəlir gətirilməsi məqsədilə 2025-ci ildən etibarən Maliyyə Nazirliyi tərəfindən xəzinə hesabının milli valyutada olan vəsaitlərinin aktiv idarə edilməsinə başlanılıb. Bu çərçivədə xəzinə qalığının müəyyən hissəsinin kapitallaşma və aktivlərinin həcminə görə ən iri beş yerli bankda depozitə yerləşdirilməsi üzrə depozit hərracları keçirilir.