...

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb

İqtisadiyyat Materials 13 Oktyabr 2025 12:50 (UTC +04:00)
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46,423 milyard manatlıq, o cümlədən 25,359 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21,064 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,8 faiz artıb.

2025-ci ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 faizi ərzaq məhsullarının, 4,2 faizi içkilər və tütün məmulatlarının, 13,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib.

2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 faiz, fərdi sahibkarlar üzrə 0,9 faiz, bazar və yarmarkalarda isə 4,2 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq, o cümlədən 275,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 228,6 manatlıq qeyri-ərzaq malları alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti