...

Norveç ictimai yerlərdə silah gəzdirməyə görə cəzaları sərtləşdirir

Turizm Materials 14 Oktyabr 2025 06:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milad bayramına qədər ictimai yerlərdə bıçaq və ya silah gəzdirməyə görə cəzanın artırılmasını nəzərdə tutan qanun layihəsini təqdim ediləcək.

Trend xəbər verir ki, bunu Norveçin ədliyyə naziri Astri Os-Hansen bildirib.

Nazirin sözlərinə görə, yeni qanunla bu qayda pozuntusuna görə cəza müddətinin iki dəfə artırılması da mümkündür. Hazırda belə hallara görə cərimə və ya bir ilədək həbs, ağır hallarda isə üç ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

Qərar ölkədə silahlı cinayətlərin artması ilə əlaqədar qəbul edilib. Hökumət, həmçinin, uşaqların cinayət fəaliyyətinə cəlb edilməsinə görə cinayət məsuliyyətini gücləndirməyi və yeniyetmələrin iştirakı ilə bağlı işlərin baxılma prosedurunu sürətləndirməyi planlaşdırır.

Uşaq və ailə məsələləri üzrə nazir Lene Voqslid isə bildirib ki, uşaqların müdafiə sistemində əlavə tədbirlər görüləcək. Bu, Oslo və Sarpsborqda 15 yaşdan kiçik yeniyetmələrin silahlı hücumlarda iştirak şübhəsi ilə saxlanılmasından sonra gündəmə gəlib.

Yeni planlara əsasən, uşaq müdafiəsi müəssisələri uşaqların təmaslarını, telefon və internetə çıxışlarını müvəqqəti məhdudlaşdıra, həmçinin onların yazışmalarına nəzarət edə biləcək. Tədbirlərin gələn ilin əvvəlində qüvvəyə minməsi gözlənilir.

“Vicdansız cinayətkarlar sosial şəbəkələrdə həssas uşaqları məqsədyönlü şəkildə axtarırlar. Biz onları təhlükədən və cəlb edilmədən qorumağa borcluyuq”, – deyə Voqslid vurğulayıb.

Xəbər lenti

Xəbər lenti