Bakı. Trend:
İsrial baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İsrail mükafatına (ölkənin ən ali mülki mükafatı) namizədliyini irəli sürdüyünü bəyan edib.
Trend xəbər verir ki, bu barədə baş nazir Knessetin xüsusi iclasında iştirakı zamanı bildirib.
“Cənab Prezident, bizim üçün etdiyiniz hər bir şeyə görə sizə təşəkkür edirəm. İsrail vətəndaşı olmayan ilk şəxs kimi İsrail Mükafatına layiq görülməyiniz üçün sizin namizədliyinizi irəli sürmüşəm, bu bizim ən böyük dostumuz üçün nəzərdə tutulan ən ali mükafatımızdır”, -deyə Netanyahu bildirib.
Baş nazir Trampın İsrailə verdiyi dəstəyi xüsusi vurğulayıb: “Başqaları üz çevirəndə siz bizimlə qaldınız. İsrail hökuməti və xalqı adından sizə misilsiz dostluğunuz üçün təşəkkür edirəm – girovlarımızın qaytarılmasına yardımınıza, İsrailin zəfər yoluna verdiyiniz dəstəyə görə və sülhə aparan yolu açdığınıza görə Sizə minnətdaram”.
Netanyahu həmçinin, regionda sülh təşəbbüslərinin irəliləməsinə ümidini ifadə edib: “İbrahimin övladları daha yaxşı gələcək qurmaq üçün birgə çalışacaqlar – mədəniyyəti barbarlığa, nuru qaranlığa, ümidi ümidsizliyə qarşı birləşdirəcəklər. Prezident Trampın rəhbərliyi altında bu, bir çoxlarının düşündüyündən daha tez baş verəcək”.