...

Əhali arasında qrip peyvəndinə qarşı aktivlik müşahidə olunur - Zamirə Ədilova

Cəmiyyət Materials 13 Oktyabr 2025 14:12 (UTC +04:00)
Əhali arasında qrip peyvəndinə qarşı aktivlik müşahidə olunur - Zamirə Ədilova
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il – 2024-cü ilin sentyabr ayından 2025-ci ilin yanvar ayına qədər tibb müəssisələrimizdə ümumilikdə 34 min 148 nəfər qrip əleyhinə peyvənd olunub.

Trend xəbər verir ki, bu sözləri TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.

O bildirib ki, hər il payız-qış aylarında respirator virus infeksiyaları aktivləşir:

"Bu dövrdə Səhiyyə Nazirliyi ilə birgə profilaktik və əksepidemik tədbirlər ardıcıl şəkildə həyata keçirilir. Bildiyiniz kimi, bu il də Nazirlik tərəfindən müvafiq peyvəndlər alınaraq ölkəmizə gətirilib və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya prosesi 8 oktyabr tarixindən tam təhlükəsiz və standartlara uyğun şəkildə həyata keçirilir. Sadəcə bir faktı qeyd etmək istərdim ki, ötən il – 2024-cü ilin sentyabr ayından 2025-ci ilin yanvar ayına qədər tibb müəssisələrimizdə ümumilikdə 34 min 148 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 4 min 431 nəfəri 0–17 yaş, 29 min 717 nəfəri isə 18 yaşdan yuxarı vətəndaşlarımızdır".

O qeyd edib ki, bu rəqəmlər göstərir ki, artıq insanlar öz sağlamlıqlarına daha məsuliyyətlə yanaşır, peyvəndə etimad və maraq getdikcə artır.

"Bu, bizim üçün çox sevindirici göstəricidir.Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada təxminən 1 milyard insan qripə yoluxur. Onlardan 3–5 milyonu ağır gedişatlı hallarla müşahidə olunur və 290 mindən 650 minədək insan bu xəstəliyin fəsadları nəticəsində həyatını itirir.
Bu rəqəmlər qripin sadə, mövsümi xəstəlik deyil, qlobal səhiyyə problemi olduğunu da açıq şəkildə göstərir.
Məhz buna görə bir çox ölkələr – ABŞ, Böyük Britaniya, Kanada, Yaponiya və Avropa İttifaqına daxil olan dövlətlər hər il genişmiqyaslı peyvəndlənmə kampaniyaları həyata keçirirlər.
ÜST və Avropa Xəstəliklərə Nəzarət Mərkəzi ölkələrə tövsiyə edir ki, risk qrupuna daxil olan şəxslərin - yəni yaşlıların, hamilələrin, xroniki xəstələrin və tibb işçilərinin - ən azı 75 faizi vaksinasiya ilə əhatə olunsun.
Bu, yalnız fərdi sağlamlığın deyil, bütövlükdə cəmiyyətin təhlükəsizliyinin qorunması deməkdir"-, deyə Z.Ədilova əlavə edib.

Xəbər lenti

Xəbər lenti