Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş israilli girovların və fələstinli məhbusların azad edilməsini də əhatə edən, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü əsasında Qəzzada atəşkəs rejiminin davam etdirilməsini alqışlayıb.
Trend-in məlumatına görə, bu barədə BMT sözçüsünün yaydığı bəyanatda qeyd olunub.
Quterreş Qətər, Misir, ABŞ və Türkiyə hökumətlərinə sülhün bərqərar olması istiqamətində göstərdikləri davamlı vasitəçilik səylərinə görə təşəkkür edib, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) girovların təhlükəsiz və humanist şəkildə azad edilməsindəki rolunu yüksək qiymətləndirib.
“Birləşmiş Millətlər Təşkilatı və tərəfdaş qurumlar Qəzzada humanitar əməliyyatları sürətlə genişləndirir. BMT agentlikləri aylarla əlaqəsi kəsilmiş ərazilərdəki icmalara yardım çatdırır. Baş katib bütün tərəfləri atəşkəsi möhkəmləndirməyə və onu davamlı sülhə çevirməyə çağırır”, – bəyanatda vurğulanıb.