Bakı. Trend:
Həmkarlar ittifaqları və onlayn təhlükəsizlik üzrə təşkilatlar Böyük Britaniyada “TikTok” şirkətinin yüzlərlə işçini ixtisar etmək planlarını tənqid edərək parlament üzvlərini bu məsələyə təcili baxmağa çağırıblar.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu ixtisarlar şirkətin ölkədəki etimad və təhlükəsizlik (trust & safety) komandasını ciddi şəkildə azaldacaq.
Məlumata görə, bu da istifadəçiləri dərin saxtakarlıqlar və onlayn zorakılıq kimi zərərli məzmunlara qarşı daha həssas vəziyyətə sala bilər.
Qeyd edək ki, bu çağırış avqust ayında “TikTok”un ana şirkəti olan Çində yerləşən “ByteDance”in London ofisində çalışan 400 nəfərin ixtisar ediləcəyini və onların vəzifələrinin Avropadakı digər ofislərə və ya üçüncü tərəf şirkətlərə ötürüləcəyini elan etməsindən sonra edilib.