Bakı. Trend:
Cənubi Koreyanın paytaxtında 2028-ci ilə qədər nüvə, bioloji və kimyəvi təhlükələrdən qorunmaq üçün mülki şəxslər üçün ilk yeraltı sığınacaq inşa olunacaq.
Trend xəbər verir ki, bu barədə “Korea Herald” qəzeti məlumat yayıb.
Sığınacaq Seuldakı yaşayış kompleksinin üçüncü zirzəmisində yerləşəcək və havalandırma, su təchizatı və kanalizasiya sistemləri ilə təchiz olunacaq. Bunker 2147 kvadratmetr sahəni əhatə edəcək və iki həftə ərzində 1020-ə qədər insanı qəbul edə biləcək.
Qeyd edilir ki, sülh dövründə bunker ictimai idman mərkəzi kimi fəaliyyət göstərəcək. Qəzet vurğulayıb ki, bu, vilayət hakimiyyətinin müstəqil şəkildə inşa edəcəyi mülki şəxslər üçün nüvə silahına davamlı ilk sığınacaq olacaq. Tikintinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır, 16 binadan ibarət yaşayış kompleksinin layihələndirilməsi isə hazırda 70% tamamlanıb.