Bakı. Trend:
Biz peşə hazırlığına təhsilə və insan kapitalına yönəlmiş sosial-iqtisadi investisiya aləti kimi baxırıq.
Trend xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev “Azərbaycanın Dayanıqlı İnkişafı üçün Təhsilə İnvestisiya” adlı panel müzakirədə çıxış edərkən deyib.
O bildirib ki, müntəzəm şəkildə dəyişən, hər dəfə yeni məzmun və forma ilə qarşımıza çıxan əmək bazarında rəqabət qabiliyyətli olmaq üçün bilik və bacarıqların daim yenilənməsi vacibdir:
"Eyni zamanda, bu təlimlər sayəsində insanlar yalnız iş tapmaq
imkanlarını artırmır, həm də gələcəkdə vergi ödəyicisi kimi
iqtisadi dövriyyəyə qayıdırlar. Beləliklə, bu mexanizm həm sosial,
həm də fiskal gəlir yaradır.
Bu məqsədə nail olmaq üçün Dövlət Məşğulluq Agentliyi özəl və
dövlət təhsil və təlim müəssisələri ilə birlikdə maksimum 6 aylıq
müəddəti əhatə edən proqramlar çərçivəsində peşə hazırlığı kursları
təşkil edir. Hazırda bu kurslar 175 peşə üzrə həyata
keçirilir".
"Bu proqramlar həm aşpaz, bərbər, baytar, təmirçi-çilingər, xarrat-dülgər və ya bənna kimi ənənəvi sahələri, həm də data analitik, mobil developer, yaşıl enerji, proqramlaşdırma dilləri və kibertəhlükəsizlik üzrə mütəxəssis kimi müasir və innovativ istiqamətləri əhatə edir. Bu məqamda xüsusilə qeyd etmək istəyirəm ki, biz bu siyahını mütəmadi olaraq yeniləyirik və aktual olan yeni peşələri bura əlavə etməyə davam edirik",- deyə Sadiq Əliyev əlavə edib.