Bakı. Trend:
2020-2025-ci illərdə Qarabağda icra olunan 1500-ə qədər layihələndirmə və tikinti işləri üzrə ümumi satınalma prosedurları keçirilib.
Trend xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.
E. Bağırov vurğulayıb ki, ümumilikdə 9 şəhər, 90-a yaxın kənd və qəsəbəni əhatə etməklə cari ilin 8 ayında 260-dan artıq satınalma prosesi həyata keçirilib.
"2022-2025-ci illər üçün dövlət proqramı çərçivəsində qəbul edilməsi nəzərdə tutulan milli texniki reqlamentin tələblərinin yerinə yetirilməsi məqsədilə 1000-dən artıq istinad standartlarının qəbul edilməsi nəzərdə tutulur. "
Bundan əlavə, o qeyd edib ki, 2024-cü ildə ümumi daxili məhsulun 6.7%-i tikinti sektorunun payına düşüb:
"Cari ilin yanvar-avqust aylarında tikinti sektorunun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4% artım göstərib. Bu artım sektorda aktivliyin və rəqabətqabiliyyətli iqtisadiyyatın bariz nümunəsidir".