Bakı. Trend:
Bakı-Tbilisi-Ceyhan vasitəsilə Azərbaycan və Qazaxıstan arasında neft tranzitinin həcmi artırılacaq.
Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın keçirdiyi iclasda etdiyi çıxışda deyib.
“Enerji sahəsində SOCAR və “KazMunayGaz” arasında Qazaxıstan neftinin Azərbaycan üzərindən tranziti üzrə əməkdaşlıq uğurla inkişaf edir. 2023-cü ildən bu günədək Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri vasitəsilə dünya bazarına 3,4 milyon ton Qazaxıstan nefti nəql olunub”,- deyə o qeyd edib.
Nazirin sözlərinə görə, tərəflər 2027-ci ilə qədər illik tədarük həcmini 7 milyon tona çatdırmaq imkanını nəzərdən keçirirlər ki, bu da enerji tərəfdaşlığının möhkəmlənməsi və Qazaxıstanın ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində mühüm addım olacaq.