Bakı. Trend:
2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarət həcmi 50 faiz artaraq 470 milyon ABŞ dollarına çatıb.
Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın keçirdiyi iclasda etdiyi çıxışda bildirib.
“2025-ci ilin birinci yarısında da ticarət dövriyyəsinin artım dinamikası davam edib – həcmi 501 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur.
Azərbaycan və Qazaxıstan – ortaq tarix, mədəniyyət və gələcəyə dair strateji baxış birliyi ilə birləşən qardaş və müttəfiq dövlətlərdir. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin siyasi iradəsi və müdrik rəhbərliyi sayəsində əməkdaşlığımız bütün istiqamətlərdə yüksələn inkişaf nümayiş etdirir”, – deyə nazir qeyd edib.
Kompleks proqram ticarət, investisiya, energetika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və humanitar əməkdaşlıq kimi sahələrdə praktik qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün yol xəritəsi rolunu oynayır.