Bakı. Trend:
İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində İranın şimalında yerləşən Rəşt-Astara dəmiryolunun tikintisi prosesini önəmli layihələrdən biri olaraq diqqət mərkəzində saxlayır.
Bunu Trend-ə açıqlamasında İranın yol və şəhərsalma naziri və İran-Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iranlı sədri Fərzanə Sadeq deyib.
İranlı nazir əlavə edib ki, ötən bir neçə ayda əsasən diqqət mərkəzində saxlanan və fiziki işlərin sürətli şəkildə izlənilməsi nəzərdə tutulan proyekt Rəşt-Astara dəmiryolunun birləşdirilməsidir. Rəşt-Astara dəmiryolu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin təkmilləşdirən hissədir. Bu dəhliz çərçivəsində sadəcə bu hissədə dəmiryolu yoxdur. İran tərəfi ilin sonunadək dəmiryolu xəttinin keçəcəyi ərazinin mülkiyyətinin satın alınması prosesini başa çatdıracaq. Rusiya tərəfi dəmiryolunun tikintisi üzrə tədqiqatları başlayıb.
Onun sözlərinə görə, Azərbaycan, İran və Rusiya arasında təşkil olunan iqtisadiyyat və ticarət üzrə Bakı iclası effektiv iclas idi. Çünki uzun müddətdir ki, bu iclasın keçirilməsi üçün hazırlıqlar gedirdi. İclasda qəbul edilən qərarlar və həyata keçirilməsinin vacib olduğu qeyd olunan məsələlər önəmli idi.
Sadeq bildirib ki, üçtərəfli görüşdə xüsusi qeyd olunan və qəbul edilən mövzu üç ölkə arasında ildə 15 milyon ton yükün daşınması ilə əlaqədar perspektivin əldə olunması yol xəritəsinin hazırlanmasıdır. Təbii ki, bu perspektivi əldə etmək mümkündür və sözügedən yol xəritəsi ilə qarşıda duran problemlər mütləq şəkildə həll olunacaq.
“Gələn 3 il ərzində bu dəmiryolunun tikintisində fiziki işlərdə böyük irəliləyişin əldə olunacağı gözlənilir”, - deyə o qeyd edib.
Sadeq qeyd edib ki, Bakı iclasında diqqət çəkən digər məsələ üç ölkənin gömrük rəsmilərinin iştirakı ilə keçirildiyini nəzərə alaraq tranzit və yükdaşıma prosesinin sadələşdirilməsi idi. Bu məsələ də iclasda xüsusi şəkildə diqqət mərkəzində saxlanıldı. Bu istiqamətdə tranzitin böyük hissəsinin sadəcə infrastrukturla əlaqəli olmadığı bəlli bir məsələdir. Həm dəniz, həm quru yol, həm də dəmiryolu ilə müxtəlif sadələşdirmələrin nəzərdə tutulması böyük əhəmiyyət kəsb edir. Ən önəmli olan isə quru yol ilə yükdaşıma və tranzit sahəsində sadələşdirmələrin tətbiq olunmasıdır.
İranlı nazir əlavə edib ki, jəm üçtərəfli iclasda, həm də ikitərəfli görüşlərdə İran-Azərbaycan və Azərbaycan-Rusiya arasında bütün sərhəd-keçid məntəqələrindən keçən yük maşınlarının sayının artırılması xüsusi olaraq qeyd edildi.
“Bakı iclasının digər önəm verdiyi məsələ enerji sahəsi, qaz və elektrik dəhlizlərinin yaradılması idi. Hər üç ölkə bu sahədə əməkdaşlığın artırılması, praktiki addımların atılması və əldə olunan razılaşmaların icrasına maraq göstərir. Tezliklə bu sahədə atılan addımların müsbət nəticələrinin şahidi olacağıq”, - deyə o qeyd edib.