Bakı. Trend:
Qazaxıstan neft məhsullarının tədarükü üzrə Azərbaycanla uzunmüddətli müqavilələrin bağlanmasında maraqlıdır.
Trend xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Bakıda Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası komissiyanın 21-ci iclasında etdiyi çıxışda deyib.
“Enerji sahəsində bizim həqiqi strateji tərəfdaşlığımız var. Biz SOCAR və “Kazmunayqaz”ın neftin Transxəzər marşrutu ilə nəqli sahəsində əməkdaşlığını yüksək qiymətləndiririk”, - deyə o qeyd edib.
Sauranbayev həmçinin “yaşıl enerji"nin ötürülməsinin böyük önəm kəsb etdiyini vurğulayıb.
2024-cü ilin noyabrında Bakıda Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında bərpa olunan enerji sahəsində strateji tərəfdaşlığa dair üçtərəfli saziş imzalanıb.
“Biz həmçinin atom enerjisinin dinc məqsədlərlə istifadəsi və enerji tənzimlənməsi sahəsində təcrübə mübadiləsinə hazırıq”,- deyə o vurğulayıb.
Onun sözlərinə görə, Qazaxıstan süni intellekt sahəsində tədqiqat və inkişaf mərkəzlərinin yaradılması istiqamətində də Azərbaycanla birgə işləməyə hazırdır.