Bakı. Trend:
Böyük Britaniya Ermənistan və Azərbaycana silah tədarükünə qoyulmuş embarqonu tamamilə ləğv edəcək.
Trend xəbər verir ki, bunu Birləşmiş Krallığın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Stiven Dauti bəyan edib.
O qeyd edib ki, Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqton sammitində əldə olunmuş razılaşmalar çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh istiqamətində əldə edilən irəliləyişi alqışlayır.
“Vaşinqtonda Prezident Trampın təşkil etdiyi son sammitin tarixi nəticələrini və sülhün təşviqində əldə olunan əhəmiyyətli irəliləyişi nəzərə alaraq, Böyük Britaniya hesab edir ki, ATƏT tərəfindən 1992-ci ildə Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirak edən qüvvələrə silah və sursat tədarükünə dair tövsiyə olunan embarqonun tətbiqinə bir əsas qalmayıb. Buna görə də Böyük Britaniya Ermənistan və Azərbaycana silah tədarükünə qoyulmuş embarqonu tam şəkildə ləğv edir”,- deyə o bildirib.
Stiven Dauti eyni zamanda Böyük Britaniya hökumətinin Ermənistan və Azərbaycanla ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyətində olduğunu vurğulayıb.
“Əldə olunmuş irəliləyişin tanınması əlaməti kimi və sülh istiqamətində irəliləyişə dəstək məqsədilə Böyük Britaniya hökuməti Ermənistan və Azərbaycanla ikitərəfli münasibətlərin səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyətindədir. Bu tərəfdaşlıqlar ticarət, təhlükəsizlik və müdafiə kimi sahələrdə əməkdaşlığı möhkəmləndirəcək və görülən işlərin nəticələrini qiymətləndirmək üçün nazirlər səviyyəsində illik görüşlərlə dəstəklənəcək”,- deyə nazir əlavə edib.