Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) regionda etibarlı, əlçatan və azkarbonlu enerjiyə keçidi sürətləndirməyə yönəlmiş “Asiyada və Sakit okean regionunda artımın stimullaşdırılması və yeni istiqamətlərin inkişafı” adlı yeni texniki yardım təşəbbüsünü nəzərdən keçirir.
Trend bu barədə banka istinadən xəbər verir.
Layihənin dəyərinin 4 milyon ABŞ dolları olduğu bildirilir və o, “Smart Energy Innovation Fund” (Ağıllı Enerji İnnovasiyaları Fondu) vasitəsilə maliyyələşdiriləcək. İlkin mərhələdə layihə Azərbaycan, Monqolustan, Filippin və Tailandı əhatə edəcək.
Proqram bu ölkələrə kompleks, müxtəlif sahələri birləşdirən enerji həllərinin müəyyən edilməsi, hazırlanması və tətbiqində kömək etməyi hədəfləyir. Buraya “təmiz” və innovativ elektrik enerjisi istehsalı texnologiyalarından istifadə, “ağıllı şəbəkə"lərin və enerji idarəetmə sistemlərinin yaradılması, bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün infrastrukturun inkişafı, enerji saxlama sistemlərinin və çoxsektorlu xidmətlərin — o cümlədən elektromobillik və “vehicle-to-grid” (nəqliyyat vasitəsindən şəbəkəyə enerji ötürülməsi) texnologiyalarının — tətbiqi daxildir.
Texniki yardım dörd əsas istiqamət üzrə həyata keçiriləcək:
- Ölkə və ya texnologiya səviyyəsində qiymətləndirmə;
- (Öncədən) texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması və suveren investisiyalar üçün layihələrin işlənməsi;
- Özəl sektorun iştirakı ilə layihələrə (qeyri-suveren layihələrə) dəstək;
- Potensialın və biliklərin artırılması.
Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi və Hindistan, Qazaxıstan, Kiribati, Qırğızıstan, Papua-Yeni Qvineya, Tacikistan və Tuvalu kimi ölkələrin də daxil edilməsi planlaşdırılır.