Bakı. Trend:
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON)
tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC-in son 9 ildə Xəzərdənkənar sularda yük daşınmasını 3 dəfədən
çox artırıb.
ASCO-dan Trend-ə verilən məlumata görə, uzun fasilədən
sonra, 2014-cü ilin oktyabr ayında Xəzərdən kənarda fəaliyyətini
bərpa edib. Elə həmin il "Üzeyir Hacıbəyli" və "Natəvan" quru yük
gəmilərinin beynəlxalq sularda istismara verilməsi ilə yeni
mərhələnin əsası qoyulub.
Əgər 2015-ci ildə Xəzərdənkənar sularda 183 min 139 ton yük daşınıbsa, 2024-cü ildə bu rəqəm 609 min 742 ton olub. Bununla da artım təxminən 3,3 dəfə və yaxud 233 % təşkil edib.
"Bu yüksəliş milli gəmiçiliyin beynəlxalq arenada daha böyük nailiyyətlərə doğru inamla addımladığını göstərir", - deyə məlumatda qeyd olunub.