Bakı. Trend:
Son illər ərzində Azərbaycan iqtisadiyyatı müsbət artım nümayiş etdirir, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 95 milyard 229 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Trend xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.
Onun sözlərinə görə, sözügedən dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektoru isə 2,9 faiz artıb:
"Bu, dövlətin və özəl sektorun birgə fəaliyyətinin real nəticəsidir. Eyni zamanda qeyd edim ki, ÜDM istehsalının 6,6 faizi tikinti sektorunun payına düşüb. Ölkədə qeydiyyatdan keçən müəssisələrin 19 mindən çoxu və ya 8.7%-i tikinti sektorunda fəaliyyət göstərir. Bu rəqəm, tikinti sektorunun ölkə iqtisadiyyatında mühüm rol oynadığını və qeyri-neft sektorunun inkişafında əhəmiyyətli bir sahə olduğunu göstərir".
"Eyni zamanda, bu sektorun iqtisadi artıma töhfəsi, dövlətin infrastruktur layihələrinə və özəl sektorda həyata keçirilən tikinti işlərinə olan investisiyalarının artması da müşahidə edilir", - deyə M. Musayev vurğulayıb.