Bakı. Trend:
Ankara Respublika Baş Prokurorluğu 2010-cu il Dövlət Qulluğuna Qəbul İmtahanı (KPSS), həmçinin 2008 və 2011-ci illərin məhkəmə sisteminə qəbul imtahanlarının suallarının FETÖ üzvlərinə sızdırılması ilə bağlı istintaq çərçivəsində 13 şübhəli barəsində həbs qərarı verib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Baş Prokurorluğun yaydığı məlumata əsasən, Terror Cinayətlərinin Araşdırılması Bürosu tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2008 və 2011-ci illərin məhkəmə imtahanları ilə 2010-cu il KPSS imtahanının suallarına imtahandan əvvəl FETÖ üzvləri tərəfindən çıxış əldə olunub və bu suallar təşkilatın üzvlərinə paylanıb.
Bununla əlaqədar, FETÖ-nün imtahan sualları ilə bağlı gizli rabitə tətbiqi olan “ByLock” qrupunun istifadəçiləri arasında yer alan 13 nəfər barədə həbs qərarı çıxarılıb.