Bakı. Trend:
Ombudsman Aparatının əməkdaşları tərəfindən Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində araşdırma aparılıb və faktoloji materiallar toplanılıb.
Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən törədilmiş insanlıq əleyhinə və müharibə cinayətlərinin qurbanlarının, o cümlədən itkin düşmüş şəxslərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayır.
İşğalan azad olunmuş ərazilərdə aparılan qazıntılar zamanı aşkar edilən kütləvi məzarlıqlar Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini bir daha sübut etməkdədir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər və aparılan axtarışlar nəticəsində son günlərdə bir sıra mühüm faktlar üzə çıxıb. Belə ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının topladığı məlumatlar və şahid ifadələri əsasında Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində, döyüş mövqeyi olmuş yüksəklikdə aparılan axtarışlar nəticəsində Azərbaycan hərbi qulluqçularına aid olduğu ehtimal edilən 10-dan çox insan qalığı aşkar olunub.
Beynəlxalq humanitar hüquqa əsasən, itkin düşmüş şəxslərin taleyi barədə məlumatların toplanması və onların yaxınlarının həqiqəti bilmək, məlumat almaq hüquqları təmin edilməlidir. Azərbaycan Ombudsmanı itkin düşmüş soydaşlarımızın taleyi haqqında məlumatların əldə edilməsi, o cümlədən Ermənistanın törətmiş olduğu müharibə cinayətləri nəticəsində pozulmuş insan hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq tədbirlər, faktaraşdırıcı missiyalar həyata keçirməkdədir. Ombudsmanın həyata keçirmiş olduğu növbəti faktaraşdırıcı missiyası çərçivəsində Aparatın əməkdaşları Müqalib Mahmudov və Sevinc Şener tərəfindən Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində müvafiq araşdırma aparılıb və faktoloji materiallar toplanılıb.
Kütləvi məzarlıqlardan toplanmış materiallar əsasında monitorinqin nəticələrinə dair Ombudsman tərəfindən müvafiq hesabat hazırlanaraq ictimaiyyətə və beynəlxalq təşkilatlara təqdim ediləcək.