Bakı. Trend:
Çinin “EHang şirkəti” şəhərlərarası avtonom daşımalar üçün nəzərdə tutulmuş elektriklə işləyən şaquli uçuş və eniş təyyarəsi olan yeni VT35 modelini təqdim edib.
Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, model ilk dəfə Xefey şəhərində nümayiş etdirilib. İki nəfərlik aparat sınaq uçuşu zamanı uğurla şaquli uçuşdan üfüqi uçuşa keçid edib.
Məlumata görə, VT35 şəhərlərarası hava nəqliyyatının inkişafında mühüm mərhələdir. Qurğu orta və uzun məsafəli marşrutlar, o cümlədən dağ və su hövzələri üzərindən uçuşlar üçün nəzərdə tutulub və təxminən 6,5 milyon yuan (təqribən 900 min ABŞ dolları) dəyərindədir.
VT35 maksimal 215 km/saat sürətlə uçur və bir enerji şarjı ilə 201 kilometr məsafə qət edə bilir. Uzunluğu və qanad açıqlığı təxminən səkkiz metr olan aparatın bu kompakt ölçüləri onun binaların damlarında, dayanacaqlarda və artıq mövcud olan EH216-S vertiportlarında enib-qalxmasına imkan verir.